AZ

Avestadan Şahnaməyə: Turan anlayışının gizli tarixi

Siyasi şərhçi Heydər Oğuz “Turan” anlayışının mənşəyi ilə bağlı maraqlı açıqlama verib.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərinə görə, bu termin çoxlarının düşündüyü kimi türklərin öz coğrafiyasına verdiyi ad deyil, əksinə, başqa xalqların türklərin yaşadığı ərazilərə verdiyi ad kimi meydana çıxıb.

Heydər Oğuz bildirib ki, “Turan” sözü ilk dəfə miladdan əvvəl I minillikdə qələmə alınmış Avestada keçir:

“Daha sonra Əbülqasim Firdovsi “Şahnamə” əsərində həmin anlayışa geniş şəkildə yer verib. Fars mifologiyasına əsasən, dünyanın ilk hökmdarı Fəridunun üç oğlu – Tur, İrəc və Salm olub. Rəvayətə görə, Fəridun Tura Turanı, İrəcə İranı, Salma isə Rum diyarını verib”.

Şərhçinin sözlərinə görə, “Şahnamə”də Çin də Tur qövmünün ixtiyarına verilir. Bu isə fars ədəbiyyatının türklərə ünvanladığı “məsləhət” kimi qiymətləndirilə bilər – yəni “İranı özümüzə saxlayırıq, siz Türküstan və Çinlə kifayətlənin”.

Heydər Oğuz bildirir ki, Firdovsinin yaşadığı dövrdə Səlcuqlular artıq İranı tədricən fəth etməyə başlamışdı və fars şairinin “tövsiyələri” işə yaramamışdı. O əlavə edir ki, İran adlanan məmləkətin əsl yüksəlişi də məhz türklərin hakimiyyəti dövründə baş verib:

 “İndi bəzi dairələrin İranın guya 3000 illik dövlətçilik tarixindən danışması insanı təəccübləndirir. Avestanın Turan adlandırdığı dövlətin tarixini də bu rəqəmə əlavə edirlər?”

Şərhçi türklərin öz tarixlərini niyə geniş şəkildə yazmadığı sualına da toxunur. Onun fikrincə, bunun izahı Orxon-Yenisey abidələrində Bilgə xaqan və vəziri Tonyukukun müzakirələrində əks olunub. Tonyukuk oturaq həyata keçidin və buddizmin qəbulunun türkləri Çin təsirinə salacağı, assimilyasiyaya uğradacağı qənaətində olduğundan buna qarşı çıxmışdı.

Heydər Oğuz xatırladır ki, Çin salnamələrinə görə, Mete xan da eyni təhlükəni gördüyü üçün məğlub etdiyi Çini ilhaq etməmişdi – “içərisində ərib yox olmamaq üçün”.

Siyasi şərhçi Atillanın Roma papasına dediyi məşhur kəlamı da qeyd edir: “Biz türklər tarix yazmırıq, tarixi yaradırıq”.

Heydər Oğuzun sözlərinə görə, bu yanaşma türklərin yazı-pozu işini bacarmadığı anlamına gəlmir. Əksinə, Orxon-Yenisey yazıları bunun nə qədər yüksək səviyyədə olduğunu sübut edir:

“Biz başqaları kimi özümüzü uydurma miflərin içində böyütməmişik. Nağıl yox, yadda qalan real hadisələri yazmışıq”.

Tunar

NOCOMMENT.az 

Seçilən
36
nocomment.az

1Mənbələr