Ankara, 30 mart, AZƏRTAC
Martın 31-də Ankaradakı Prezident Kompleksində ölkədə beşinci nəsil simsiz mobil texnologiyasının (5G) tətbiqi rəsmi elan ediləcək.
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak edəcək.
2026-cı il aprelin 1-dən etibarən 5G texnologiyasının tətbiqinə tender ötən ilin oktyabr ayında aparıcı telekommunikasiya şirkətləri “Turkcell”, “Vodafone” və “Türk Telekom”un iştirakı ilə keçirilİB, bu da Türkiyə dövlət xəzinəsinə 3 milyard 534 milyon dollar gətirib.
Yeni texnologiya tədricən bütün 81 əyalətdə tətbiq olunacaq. Verilən 5G xidmət lisenziyaları 2042-ci il dekabrın 31-dək qüvvədə olacaq.
Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi 5G-yə keçidi “daxili mobil rabitənin 32 illik tarixində yeni bir dövr” adlandıraraq, ölkədə mobil telefonların 1994-cü il fevralın 23-dən bəri istifadə edildiyini xatırladıb.
5G texnologiyasının Türkiyənin rəqəmsal transformasiyasını sürətləndirəcəyi, istehsal həcmlərini, xidmət keyfiyyətini və qlobal rəqabət qabiliyyətini artıracağı gözlənilir.