AZ

Xalq artisti Rasim Balayev alqışlarla son mənzilə yola salındı - VİDEO

Ötən gün dünyasını dəyişmiş Azərbaycanın görkəmli aktyoru Rasim Balayev ilə Dövlət Akademik Milli Dram Teatrında vida mərasimi keçirildi. Vida mərasimində mədəniyyət və incəsənət xadimləri, dövlət rəsmiləri, aktyorun yaxınları və çoxsaylı sənətsevərlər iştirak etdilər. Baş nazir Əli Əsədov də xalq artisti ilə  vida mərasimində iştirak edirdi.

Çıxış edənlər Rasim Balayevin Azərbaycan kino və teatr sənətindəki əvəzsiz rolundan, yaratdığı unudulmaz obrazlardan və milli mədəniyyətə verdiyi töhfələrdən bəhs etdilər. 

Mədəniyyət nazirinin müavini Səadət Yusifova xalq artisti çıxışında Rasim Balayevin vəfatının Azərbaycan mədəniyyəti və milli kinomuz üçün ağır itki olduğunu vurğudı. Qeyd etdi ki, o, ömrünün sonuna qədər Azərbaycan xalqına və mədəniyyətinə, kinosuna xidmət edib. Rasim Balayevin sənət yolu gənclər üçün məktəbdir. 

Daha sonra xalq yazıçısı Anar, xalq artisti Şəfiqə Məmmədova, rejissor Oqtay Mirqasımov çıxış edərək böyük aktyorla bağlı xatirələrini bölüşdülər. 

“Biz onun yolunu sağlam gözləyirdik. Çox darıxmışdı dostları. Amma ölüm xəbəri ilə sarsıldıq. Planlarımız var idi, deyiləsi sözümüz çox idi... Onun haqqında keçmiş zamanda danışmaq olmur. Azərbaycan kinosunun simasını itirdik” – aktrisa Şəfiqə Məmmədovanın bu təsirli çıxışı, oğlu Ülvi Balayevin göz yaşlarına boğularaq atası ilə vidalaşması izdihamlı tamaşaçıları, sevənlərini də sarsıtdı. 

Mərasimdə aktyorun həyat və yaradıcılığını əks etdirən xatirələr bölüşüldü, onun oynadığı filmlərdən fraqmentlər yada salındı, səsində qəzəllər dinlənildi. 

Sonda mərhumun nəşi onun “Babək” obrazı ilə səsləndirdiyi “Mən həmişə səninləyəm, Azərbaycan” sədaları altında, alqışlar və dərin hüzn içində son mənzilə yola salındı. Onun əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq. Allah rəhmət eləsin. 


Şəfiqə Şəfa, Vüqar Ağayev, Bizim Media

Seçilən
15
1
bizim.media

2Mənbələr