AZ

Yazıçılar Mir Cəlalın adına keçirilən müsabiqə ilə bağlı elə şeylər danışdılar ki…

Ədibin Evi tərəfindən keçirilən Mir Cəlal adına 5-ci Hekayə Müsabiqəsinə yekun vurulub. Müsabiqə Finala doğru irəliləsə də yazıçılar arasında artıq etirazlar başlayıb. Müsabiqənin nəticələrinin “Azərbaycan” jurnalında dərc olunması da birmənalı qarşılanmayıb.

Mir Cəlal adına keçirilən bu müsabiqəni siz nə dərəcədə şəffaf hesab edirsiniz?

Belə müsabiqələrin daha obyektiv keçirilməsi üçün nələr dəyişməlidir?

Mövzu ilə bağlı KONKRET.az yazıçılar arasında sorğu keçirib:

Ulucay Akif

Ölkədə nəyə fikir bildirsən, o zaman hansısa məqsədlə, mənfəət eşqiylə etiraz etdiyini düşünürlər. Buna görə də, adamın etiraz eləməyə həvəsi qalmır. Bu müsabiqəyə mən də hekayə göndərmişdim, hətta çox iddialı idim. Hekayənin üzərində xeyli işləmişdim və bir çox qələm dostumla da məsləhətləşmişdim. Ölkədə onsuz da bir ovuc mətni bilən adam var. Yəni hekayəmin gözəl olduğuna adım kimi əminəm, yayımlananda oxuyanlar da görəcək. Amma hekayə nəinki qalib olmadı, heç 16-lığa da düşmədi. Mənə də həmin 16 hekayə və qaliblər çox maraqlıdır. “Ədibin evi”nin keçirdiyi müsabiqəyə mənim yazdığımdan daha yaxşı 16 hekayə göndərilibsə, buna sadəcə sevinə bilərik. Deməli, Nobel mükafatını almağımıza az qalıb.

Bir şeyi də deyim. “Ədibin evi” tərəfindən mənə münsiflik təklif olunmuşdu, amma mədəni şəkildə imtina etdim və bildirdim ki, bu il iştirakçı olmaq istəyirəm. Bilmirəm, bəlkə də, bu addımım xətirlərinə dəyib, ona görə heyiflərini hekayəmdən çıxıblar. Nə bilim… Mən təşkilatçılardan xahiş etmişəm, hekayəmin komissiya heyətindən nə qədər bal topladığını, hansı münsifin neçə qiymət verdiyini bilmək istəyirəm. Düşünürəm ki, bu mənim haqqımdır. Bunu etməsələr, qərəzliliklərinə əmin olacam. Ölkədə bir ədəbiyyat, yazı müsabiqəsini ədalətli, qərəzsiz keçirə bilmirlər. Deyəsən, yeganə ədalətli hekayə müsabiqəsini elə mən “Kulis”də keçirmişəm . Heç kim bizim keçirdiyimiz “İlin hekayəsi” müsabiqəsinin ədalətsiz olduğunu demədi. Kiçik bir kollektivlə bunu bacardıq. Amma bunlara dövlət də pul ayırır, orduya bərabər adam bir araya gəlir, yenə də ortaya yaxşı, ədalətli, qərəzsiz iş qoymurlar. Elə bil qəsdən belə müsabiqələri urvatdan salırlar ki, yaxşı müəlliflər iştirak etməsin, görünməsin və qaçsın. İş diletantlara tapşırılanda, nəticə də belə olur. Hər halda, qalib hekayələri də, hansı münsifin kimin hekayəsinə nə qədər bal verdiyini də görəcəyik.

Səfər Alışarlı

Mir Cəlal adına ədəbi müsabiqənin keçirilməsinə pis baxmıram. Allah eləsin, Azərbaycanda belə müsabiqələr daha çox olsun.
Ancaq təxminən bildiyim odur ki, bu müsabiqənin münsiflərinin əksəriyyəti ədəbiyyatçı olsalar da, ədəbiyyat fədailəri deyillər. Onlara “konyunkturçu yazarlar” da demək olar. Bu müsabiqənin iki məqsədini güman etmək olar. Biri, yazıçı Mir Cəlalın xatirəsini yaşatmaq, ikincisi, hakimiyyətə loyal yazarlar qrupunu bir çətir altına toplamaqla konyunkturçu ədəbi dəyərləri təbliğ etmək və pul xərcləməklə cəmiyyətdə onların müəyyən dominantlğına nail olmaq. Ona görə müsabiqənin obyektivliyinə o qədər də inamım yoxdur.

Yazıçı Bircə…

Belə bir müsabiqənin keçirilməsindən xəbərim olmayıb. Yoxsa, hekayələrimdən birini məmnuniyyətlə göndərərdim. Ədəbi müsabiqələrdə şəffaflıq, vicdanlı münsif şərtdir. Müsabiqə təbliğ edilməli, hekayələr müntəzəm nəşr olunmalıdır ki, oxucular da qiymət verə bilsinlər.

Qəşəm Nəcəfzadə

Mən “Azərbaycan” jurnalında işləyirəm. Bundan mənim də xəbərim yoxdur. Adətən, bu jurnala aprel ayının sonlarında qalib hekayələri göndərirdilər. Müsabiqəyə göndərilən hekayələri oxumamışam. Bəlkə, doğurdan da yaxşı mətnlərdir. Hekayələrin mediada yayılıb-yayılmaması yəqin ki, müsabiqənin şərtlərindən irəli gəlir. Buna da hörmətlə yanaşmaq lazımdır. Kiminsə arzulaırna görə hərəkət etmək düzgün deyil.

Dəniz Pənahova
KONKRET.az

Seçilən
17
1
konkret.az

2Mənbələr