AZ

Şiddətli yağışlar iki ölkədə 45 nəfərin həyatına son qoydu

Əfqanıstan və Pakistanda son beş gündə təsirli olan güclü yağışlar böyük dağıntılara səbəb olub.

Ölkə.az xəbər verir ki, sel və torpaq sürüşmələri nəticəsində ən azı 45 nəfər həyatını itirib, 74 nəfər yaralanıb.

Pərvan, Vardak, Daykundi və Loqar vilayətlərində yağan güclü yağışlar qəfil sellərə və torpaq sürüşmələrinə səbəb olub.

Rəsmilər 130 evin tamamilə dağıldığını, 1140 ailənin isə bu fəlakətdən zərər çəkdiyini açıqlayıb. Hava şəraitinin hələ də qeyri-sabit olduğu və yeni yağışlar səbəbindən sel riskinin davam etdiyi qeyd olunub.

Pakistanın Əfqanıstanla sərhəddə yerləşən Hayber-Paxtunxva əyalətində isə azı 17 nəfər həyatını itirib. Ölənlər arasında 14 uşağın olduğu bildirilib. Evlərin dam və divarlarının uçması nəticəsində 25 nəfər də yaralanıb.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı Əfqanıstan və Pakistanı ekstremal hava hadisələrinə qarşı ən həssas ölkələr sırasında göstərir.

Ötən il Pakistanda baş verən güclü musson yağışları təxminən 1000 nəfərin ölümünə səbəb olmuş, kənd təsərrüfatı və heyvandarlıq sahəsinə böyük ziyan vurmuşdu.

Həmidə İbrahimova

Seçilən
30
1
olke.az

2Mənbələr