AZ

Rasim Balayev dəfn edildi - YENİLƏNİB

Xalq artisti Rasim Balayev I Fəxri xiyabanda dəfn edilib.

Adalet.az xəbər verir ki, mərasimdə Xalq artistinin ailə üzvləri, dostları, incəsənət xadimləri, media nümayəndələri iştirak ediblər.

XXX

13:47

Xalq artisti Rasim Balayevlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında vida mərasimi keçirilib.

Adalet.az xəbər verir ki, vida mərasimində Baş nazir Əli Əsədov, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

Mərhumun cənazəsi Akademik Milli Dram Teatrının matəmsayağı bəzədilən səhnəsində postament üzərinə qoyulub.

Postamentin ətrafına Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, dövlət və hökumət təşkilatları adından əklil düzülüb.

Xalq artisti Rasim Balayevin həmkarları, dostları, tanınmış mədəniyyət və incəsənət xadimləri, mərhumun sənətini sevənlər teatrın binasına gələrək, unudulmaz aktyora son borclarını veriblər.

Vida mərasimində əvvəlcə Rasim Balayevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova, mədəniyyət naziri Adil Kərimlinin adından başsağlığı verib.

O, Rasim Balayevin vəfatının Azərbaycan mədəniyyəti və milli kinosu üçün ağır olduğunu qeyd edib: “Parlaq siması ilə hər kəsin qəlbində silinməz izlər buraxan Rasim Balayevin vəfatı hamımızı dərindən sarsıdıb. O, çəkildiyi filmlərlə Azərbaycan kinosunun nüfuzunu daim uca tutub və yaradıcılığı 200-ə yaxın filmi əhatə edir. Sənətkarın çoxillik fəaliyyəti daim dövlətin diqqət mərkəzində olub, Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyev onun yaradıcılığına xüsusi qayğı göstəriblər. Rasim Balayevin yaradıcılığı gənc aktyorlar üçün bir məktəbdir”.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar bildirib ki, Rasim Balayev Azərbaycan kino sənətinin ən parlaq ulduzlarından və ən böyük ifaçılarından biri olub. O, sənətkarın canlandırdığı obrazlara əbədi həyat verdiyini qeyd edib və əlavə edib ki, onun insani keyfiyyətləri və bənzərsiz obrazları hər zaman yaddaşlarda yaşayacaq.

Xalq artisti Şəfiqə Məmmədova Rasim Balayevin vəfatının onu dərindən sarsıtdığını diqqətə çatdırıb. “Bu itki Azərbaycan kinosu üçün çox böyük və ağırdır. Sənətkar haqqında keçmiş zamanda danışmaq çətindir, Rasim Balayev şərəfli bir ömür yaşayıb, dostluqda isə son dərəcə sadiq və vəfalı insan olub”,- deyə o əlavə edib.

Xalq artisti Oqtay Mirqasımov vurğulayıb ki, onlar bir neçə filmdə birlikdə çalışıblar.

Ailə üzvləri adından oğlu Asim Balayev atasının təşəkkür edib.

Xalq artisti Rasim Balayevin cənazəsi teatrın binasından qaldırılaraq Fəxri xiyabana gətirilib.

XXX

11:51

Xalq artisti Rasim Balayevlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında vida mərasimi keçirilir.

Adalet.az xəbər verir ki, mərasimdə ölkənin ədəbi-ictimai xadimləri, Mədəniyyət Nazirliyinin təmsilçiləri, millət vəkilləri və media nümayəndələri iştirak edirlər.

Xalq artisti I Fəxri Xiyabanda dəfn ediləcək.

Qeyd edək ki, Rasim Balayev dünən İstanbulda müalicə aldığı “Memorial” klinikada vəfat edib.

Seçilən
6
7
adalet.az

10Mənbələr