Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Akşin Əliyevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya protesti təmin edilməyib.
İttihama görə, hadisə 08 mart 2025-ci il tarixdə, saat 20 radələrində Tərtər rayonunun Düyərli kəndi ərazisində yerləşən və ictimai yer hesab edilən “Düyərli market” ərzaq mağazasının qarşısında baş verib.
Belə ki, Akşin Əliyev heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə əhəmiyyət verməyərək ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirib. O, yüksək səslə nalayiq ifadələr işlədərək ətrafdakı şəxslərin istirahət hüququnu pozub, özünü digərlərindən üstün tutduğunu nümayiş etdirməyə çalışıb. Daha sonra isə üzərində əvvəlcədən gətirdiyi və silah qismində istifadə etdiyi bıçaqla zərərçəkmiş Yaşar Tağıyevə (adı, soyadı şərtidir) hücum edib. Təqsirləndirilən şəxs bıçaqla zərərçəkmişin sol çiyin nahiyəsinə bir zərbə vuraraq, sonuncuya sol bazu oynağının bayır səthinin kəsilmiş yarası ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirib.
Bununla kifayətlənməyən Akşin Yaşara məxsus gödəkçəni də cıraraq ona 190 manat məbləğində maddi ziyan vurub. Beləliklə, onun hərəkətləri vətəndaşlara qarşı zor tətbiqi və əmlaka ziyan vurulması ilə müşayiət olunan xüsusilə qərəzli xuliqanlıq kimi qiymətləndirilib.
Tərtər Rayon Məhkəməsində aparılan araşdırma zamanı Akşin Əliyevin əməli Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə tövsif edilib. Lakin məhkəmə tərəfindən həmin şəxs barəsində Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunaraq o, cinayət məsuliyyətindən azad edilib. Qərara əsasən, cinayət işi üzrə icraata xitam verilib, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub və təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal azadlığa buraxılıb.
Kamal Məmmədov