AZ

Tarixin qanlı izi sınmaz ruh, unudulmaz faciə: 31 Mart Soyqırımı

ain.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Bu torpağın hər qarışı, hər daşının yaddaşında iz buraxan hadisələr bizə həm ağrını, həm də gücü öyrədib. Tarix yalnız keçmişin xatirəsi deyil — o, millətin yaddaşı, kimliyi və gələcəyinin yol xəritəsidir. Xalqımız əsrlər boyu ağır sınaqlardan keçərək varlığını qoruyub, ən çətin anlarda belə birliyini və iradəsini itirməyib. 

Faciələrlə yoğrulmuş bu tarix eyni zamanda xalqımızın sınmaz ruhunun, əyilməz qürurunun sübutudur.

Keçmişin acı səhifələrini xatırlamaq yalnız kədər üçün deyil — o, gələcək nəsillərin daha ayıq, daha güclü və daha birgə olmasının əsas şərtidir.

Bəli, tarixdə bu gün Azərbaycan xalqının taleyinə soyqırımı kimi yazılmış bir gündür.

Törədilmiş qətliamla bağlı Moderator.az-a danışan Millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu qeyd etdi ki, böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 1998-ci ildən bu günə qədər hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Deputat bildirdi ki, əslində, bu soyqırımı Azərbaycan ərazilərinə köçürülən ermənilərin illər boyu Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərin qeyd edilməsi və bu cinayətlərin bir daha baş verməməsi üçün Azərbaycan xalqının qarşısında hansı vəzifələrin, mövqelərin durması baxımından olduqca aktualdır:

"1828-ci ildən başlayaraq Azərbaycan ərazilərinə, onun tarixi torpaqlarına köçürülən ermənilər 1898–1903–1905-ci illərdə, nəhayət 1918-ci ildə Azərbaycan xalqına qarşı böyük tarixi cinayətlər törətdilər, soyqırımlar həyata keçirdilər və ondan sonrakı mərhələdə ermənilərin müxtəlif imperiyaların dəstəyi ilə Azərbaycan xalqına qarşı törətdiyi cinayətlər davam etdi.

Sovet dövründə bu proses müəyyən mənada həmin dövrün rəhbərliyinin dəstəyi ilə yenə davam etdirildi. Bir qədər başqa formada, 1948–1953-cü illərdə azərbaycanlılar öz tarixi yurd-yuvalarından məhz SSRİ Nazirlər Sovetinin iki qərarı ilə Azərbaycan ərazisinə köçürüldü. Bu, kütləvi soyqırımına bərabər bir hadisə idi.

Nəhayət, 1988-ci ildən başlayaraq, 1990–1992-ci illərdə yenə də Azərbaycan xalqına qarşı soyqırımı cəhdləri edildi və 1992-ci ildə Xocalı soyqırımı törədildi".

Hikmət Babaoğlu əlavə etdi ki, bütün bunlar bir daha ondan xəbər verir ki, biz tarixi yaddaşımız, milli yaddaşımız qarşısında hesabat verməli və bu faciələrdən özümüzə dərs çıxarmalıyıq:

"Ona görə də hər il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 31 mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Azərbaycan xalqına müraciət edərkən, məhz tarixi ekskursiya edərək faciələrimizi və onların nə üçün, kimlər tərəfindən törədildiyini bir daha ictimai diqqətə təqdim etdi və bu faciələrin qarşısının alınması üçün tədbirlər görülməsinin zəruriliyini qeyd etmiş oldu.

Biz 2020-ci ildə Azərbaycan xalqına qarşı törədilən bu soyqırımı cinayətlərinə cavab verməyi bacardıq və 44 günlük müharibədə rəşadətli Azərbaycan Ordusu, Ali Baş Komandanımızın rəhbərliyi ilə bu soyqırımların bir daha törədilməməsi üçün qəti və tarixi bir zəfər əldə etməklə düşmənə dərs vermiş oldu. Ancaq bir məsələni də qeyd etmək lazımdır ki, Azərbaycan xalqına qarşı törədilən soyqırımı təkcə bugünkü müstəqil Azərbaycan Respublikasının inzibati-siyasi sərhədləri çərçivəsində olmayıb. Tarixən Azərbaycan torpaqlarının hər yerində baş verib — İrəvanda, Makuda, Xoyda, Təbrizdə. Yəni Azərbaycan etnik-mədəni arealının tarixi coğrafiyasının hər yerində bu acı mənzərə ilə qarşılaşmışıq.

Ona görə də biz bir daha məhz 31 martda tarixi yaddaşımızın, tarixi coğrafiyamızın bütövlüyünü dərk etməklə bu faciə qurbanlarını anmalı və gələcəkdə belə faciələrin bir daha baş verməməsi üçün müstəqil dövlətimizin ətrafında sıx birləşməliyik. Azərbaycanlı kimliyimizin fərqində olmalı və milli dövlətimizi qorumaq üçün hər birimiz öz vətəndaş borcumuzu və vəzifəmizi yerinə yetirməyi bacarmalıyıq".

Pərvin Şakirqızı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
moderator.az

2Mənbələr