AZ

İnsultdan sonra beyin gəncləşirmiş l Yeni kəşf

İnsultla bağlı araşdırmalar aparan alimlər beyində qeyri-adi funksional dəyişikliklərin baş verdiyini aşkar ediblər. Tədqiqat müəllifləri qeyd edir ki, bu dəyişikliklər beynin bəzi sahələrində toxumaların "cavanlaşmasını" müşahidə ediblər.

AzVision.az xəbər verir ki,bununla bağlı "The Lancet Digital Health" jurnalında məlumat dərc edilib.

Qeyd olunur ki, araşdırma çərçivəsində müxtəlif ölkələrdə fəaliyyət göstərən tədqiqat mərkəzlərində 500-dən çox pasiyentin MRT nəticələri təhlil edilib. Süni intellekt əsaslı modellər vasitəsilə “beyin yaşı” göstəricisi hesablanaraq, toxumaların vəziyyəti ilə pasiyentlərin faktiki yaşı müqayisə olunub.

Nəticələrə görə, zədələnmiş nahiyələrdə qocalma prosesinin sürətlənməsi müşahidə edildiyi halda, əks yarımkürədə bunun əksinə tendensiya qeydə alınıb. Bu fərq xüsusilə diqqət, planlaşdırma və hərəkət koordinasiyasına cavabdeh sahələrdə daha aydın görünüb.

Tədqiqatçılar hesab edir ki, müşahidə olunan dəyişikliklər bərpadan çox, beynin kompensasiya mexanizmləri ilə bağlıdır və sağlam sahələrin öz üzərinə əlavə funksiyalar götürməsi ilə izah olunur.

Alimlər bu proseslərin dinamikasını izləməklə daha effektiv və fərdiləşdirilmiş reabilitasiya metodlarının hazırlanmasını planlaşdırırlar.

Röya Əliyeva
Seçilən
44
1
azvision.az

2Mənbələr