AZ

Tarixi faktlar və hüquqi qiymətləndirmə ŞƏRH

Ses qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü XX əsrin əvvəllərində xalqımıza qarşı törədilmiş ən ağır cinayətlərdən birinin xatirəsini yaşadır. 1918-ci ilin mart-aprel aylarında dinc Azərbaycan əhalisi kütləvi surətdə qətlə yetirilmişdir. Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmış, onlara qəsdən fiziki qüsurlar yetirlimişdir.

1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar.

1918-ci ilin mart hadisələri tarixdə yalnız mülki əhaliyə qarşı törədilmiş soyqırımı kimi tanınmalıdır.

Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər.

Bu hadisələr yalnız hərbi toqquşmalar deyil, məqsədyönlü şəkildə mülki əhaliyə qarşı yönəlmiş zorakılıq aktları idi. Tarixi sənədlər və araşdırmalar göstərir ki, həmin dövrdə on minlərlə azərbaycanlı həyatını itirmiş, yüzlərlə kənd və şəhər ciddi dağıntılara məruz qalmışdır. Xüsusilə Şamaxıda baş verən qırğınlar zamanı şəhərin böyük hissəsi yandırılmış, əhali kütləvi şəkildə məhv edilmişdir. Qubada aşkar edilmiş kütləvi məzarlıqlar isə bu cinayətlərin sistemli və planlı xarakter daşıdığını sübut edən mühüm faktlardandır. Bu hadisələrin hüquqi baxımdan qiymətləndirilməsi müstəqillik dövründə mümkün olmuşdur. Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış 1998-ci il 26 mart tarixli fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmiş və bu faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmişdir. Ulu Öndər bu barədə qeyd etmişdir: “1998-ci ildən başlayaraq hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur. Həmin gün soyqırımı qurbanlarının anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan cinayətkar siyasətə cəlb olunur. Həm də qeyd olunmalıdır ki, xalqımıza qarşı yeridilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində son illərdə dünya ictimai fikrinə çatdırılmağa başlamışdır. Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xarici ölkələrdəki azərbaycanlı icmalarının üzərinə böyük məsuliyyət düşür. Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur.”

Müasir dövrdə də bu istiqamətdə ardıcıl siyasət həyata keçirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı cinayətləri heç vaxt unudulmayacaq və bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması daim diqqət mərkəzində olacaqdır. Beynəlxalq hüquq baxımından bu hadisələr dinc əhaliyə qarşı törədilmiş kütləvi qırğınlar və insanlığa qarşı cinayətlər kimi qiymətləndirilməlidir. Mülki şəxslərin məqsədli şəkildə məhv edilməsi, yaşayış məntəqələrinin dağıdılması və etnik mənsubiyyətə görə zorakılıq aktlarının həyata keçirilməsi bu faciənin soyqırımı mahiyyətini açıq şəkildə ortaya qoyur. Tarixi həqiqətlərin araşdırılması, sənədləşdirilməsi və beynəlxalq səviyyədə tanıdılması ədalətin bərpası baxımından mühüm əhəmiyyət kəsb edir. 31 Mart hadisələrinin xatırlanması yalnız keçmişə ehtiram deyil, həm də gələcək nəsillərin bu cür faciələrlə üzləşməməsi üçün vacib bir çağırışdır.

Sevda Quluyeva

YAP Kəngərli rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
sesqazeti.az

1Mənbələr