ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Aramsız yağışlar təkcə Azərbaycan üçün deyil, dünyanın bir çox ölkələrində ciddi fəsadlar yaradır. Əlbəttə, buna hazır olmaq lazımdır. Lakin Bakıda belə yağışların yağması daha xoşagəlməz hallara səbəb olur. Keçən il belə yağışlar nəticəsində iki nəfər həyatını itirdi. Bu il də aramsız yağan yağışlar şəhərdə çox ciddi fəsadlara səbəb oldu. Bilirsiniz, bu bir ilin problemi deyil. Bu, illərlə yığılıb qalan problemlərin nəticəsidir və bunu bir ilin içində aradan qaldırmaq çox çətindir".
Bu fikirləri Redaktor.az-a paytaxta yağan yağışın fəsadlarından danışan Milli Məclisin komitə sədri Tahir Rzayev bildirdi.
O əlavə etdi ki, Bakıda şəhərin mərkəzində şəhərsalma tələblərinə uyğun olmayan çoxsaylı evlər tikilib:
"Sözsüz ki, şəhərin su təsərrüfatı bu yükü götürmək qabiliyyətində deyil. Ona görə də yağış yağan kimi bəzi ərazilərdə kanalizasiya sisteminin bərbad vəziyyətdə olması belə çətinliklər yaradır. Bakının digər rayonlarında və kəndlərində də bu hallar müşahidə olunur və evlərin su altında qalması baş verir. Bunun bir səbəbi işlərin qaydasında aparılmaması və tikinti zamanı şəhərsalma tələblərinə əməl olunmamasıdırsa, digər səbəbi insanların öz davranışları ilə bağlıdır. Çünki bəzi hallarda insanlar elə yerlərdə ev tikirlər ki, belə yağışlar zamanı ciddi ziyan qaçılmaz olur. Su axarı olan yerlərdə, çökəkliklərdə, yamaclarda, kanalizasiya xətlərinin və su borularının üzərində ev tikmək heç bir qaydaya uyğun deyil. Bu gün küçələr elə vəziyyətdədir ki, bəzən nəinki iki-üç maşının, hətta bir maşının belə hərəkəti mümkün olmur, xüsusilə yağışlı günlərdə.
Suyun keçməsi üçün şərait yoxdur. Əlbəttə, bu evlər tikilərkən ilk növbədə onların gələcəkdə təhlükəsiz olması nəzərə alınmalı idi. Su və kanalizasiya xətləri çəkilməli, axın istiqamətləri müəyyənləşdirilməli və suyun çıxışı dəqiqləşdirilməlidir. Bu gün bu vəziyyəti aradan qaldırmaq çox çətindir. Çünki hər bir xəttin öz yükötürmə qabiliyyəti olmalıdır və təəssüf ki, bir çox hallarda bu nəzərə alınmayıb. Hündürmərtəbəli binalar tikilir, lakin onların su kanalizasiya xətləri yenilənmir və kiçik borulara həmin binaların su qovşaqları birləşdirilir. Bu halda belə problemlərin yaranması qaçılmaz olur. Bu səbəbdən hökumət hazırda bu məsələni ciddi gündəmə gətirib və bir sıra qərarlar, tapşırıqlar verilib. Şəhərsalma tələblərinə uyğun tikinti aparılması artıq vacib məsələ kimi qarşıya qoyulub və buna ciddi əməl olunmalıdır".
Nuriyyə NATİQQIZI
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.