AZ

Deputat: “O zaman tam alnıaçıq olarıq ki, ermənilərin törətdiyi faciələri unutmayaq”

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Tarixi ədalətin tam bərpası yalnız o halda mümkün olacaq ki, erməni faşizminin törətdiyi cinayətlər dərindən araşdırılsın və faktlarla beynəlxalq ictimaiyyətə çatdırılsın. 

Onların nəyə qadir olduqları aydın şəkildə göstərilsin ki, bu cür faciələr bir daha təkrarlanmasın”. Bunu Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə “Cebheinfo.az”-a erməni daşnaklarının bolşeviklərlə birlikdə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 108 il ötməsi ilə bağlı danışarkən deyib. 

O qeyd edib ki, 1998-ci ildən sonra faktiki olaraq bu faciələri tam olaraq ciddi tarixi araşdırmalarla üzə çıxarmaq imkanları əldə edilib: 

“Bu tarix Azərbaycanda soyqırımı qurbanlarının anım günü kimi qeyd olunur. 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Həmin sərəncamda xüsusi olaraq diqqətə çatdırılıb ki, bu dövrədək azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı aktları, eləcə də erməni faşistlərinin törətdiyi cinayətlər ilə bağlı məsələlər araşdırılmalı, tarixi faktlar üzə çıxarılmalıdır. 

Bütövlükdə Azərbaycan ictimaiyyəti bundan məlumatlı olmalıdır. Eyni zamanda, beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin diqqətinə təqdim edilməlidir. Aparılan tədqiqatlar nəticəsində yeni tarixi faktlar üzə çıxarılıb və bu proses bu gün də davam etdirilir. Bu həqiqətlər beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır ki, erməni faşizmi nəyə qadirdir”.

Deputat bildirib ki, bu soyqırımı aktları zamanı qadınlara, uşaqlara və ahıllara fərq qoyulmadan xüsusi qəddarlıq nümayiş etdirilib, eyni zamanda xalqın tarixi abidələri, milli-mənəvi dəyərləri və dini irsi də hədəfə alınıb: 

“Məsələ burasındadır ki, erməni faşizmi uzun illər “Böyük Ermənistan”, “dənizdən dənizə” xülyasına sığınaraq azərbaycanlılara, türklərə, eləcə də regionda yaşayan digər xalqlara qarşı qırğınlar, deportasiyalar və sürgünlər həyata keçirib. Bu proseslər hələ 1905-ci ildən başlayaraq, xüsusilə 1918-ci ilin mart-aprel aylarında daha geniş miqyas alıb və böyük coğrafiyanı əhatə edən kütləvi qətliamlarla müşayiət olunub. 

Həmin dövrdə “Bakı Kommunası” adı altında erməni daşnakları və bolşevik qüvvələri azərbaycanlılara qarşı kütləvi qətliamlar həyata keçiriblər. Bakı Kommunasının təxminən 6 min əsgəri, eləcə də daşnakların 4 min nəfərlik silahlı qruplaşmaları Bakıda və Bakı quberniyasına daxil olan digər ərazilərdə, həmçinin Qarabağ, Zəngəzur, Quba, Şamaxı, Lənkəran və ölkəmizin digər bölgələrində dinc əhaliyə qarşı qətliamlar həyata keçiriblər. 

Bu soyqırımı aktları zamanı təkcə qadınlara, uşaqlara və ahıllara fərq qoyulmadan xüsusi qəddarlıq nümayiş etdirilməyib, həmçinin, xalqımızın tarixi abidələrinə, milli-mənəvi dəyərlərinə və dini irsinə qarşı da yönəlib. 

Tarixi və dini abidələr dağıdılıb, kəndlər yandırılıb, yaşayış məntəqələri, kəndlər yerlə yeksan olunub, tamamilə məhv edilib. Hadisələrin coğrafiyası, miqyası o qədər geniş olub ki, qısa müddət ərzində 50 mindən çox azərbaycanlı və Azərbaycan ərazisində yaşayan digər millətlərin nümayəndələri qətlə yetirilib”. 

Arzuxan Əlizadə əlavə edib ki, ermənilər özlərinin törətdikləri hadisələrlə bağlı müxtəlif dövrlərdə etiraflar da ediblər: 

“Xatırlayıram ki, hələ 1989-cu ilin martında Qərbi Azərbaycandan azərbaycanlıların tam şəkildə deportasiya olunmasından sonra Qafanda faşist Njdeyə abidə qoyulurdu. Həmin dövrdə Qafanın Partiya Komitəsinin birinci katibi abidənin açılış mərasimində çıxış edərək faşist babalarına xitabən belə bir nitq söyləmişdi: 

“Siz uzun illər ərzində çalışdınız, amma ta olaraq məqsədinizə çata bilmədiniz. Bu gün isə sizin nəvələriniz bu istəklərinə çatıbdırlar. Artıq Ermənistan ərazisində bir nəfər də azərbaycanlı yoxdur”. 

Yəni törətdikləri vəhşilikləri əslində bilərəkdən edirdilər, bütün bu cinayətlər məqsədli və planlı şəkildə həyata keçirilib. Qeyd etdiyim kimi, o xəstə təxəyyülə silahlanaraq edirdilər. Eyni siyasətin davamı olaraq Qarabağda baş verənlər və torpaqlarımızın 30 ilə yaxın işğal altında qalması da bu yanaşmanın nəticəsi idi. Nəhayət, İkinci Qarabağ müharibəsində tarixi ədaləti bərpa etdik”. 

O vurğulayıb ki, 2006-cı ildə Qubada stadionun təmiri zamanı kütləvi məzarlığın aşkarlanması da bu vəhşiliklərin növbəti sübutu oldu: 

“Eyni cür kütləvi məzarlıqlar Şamaxıda və digər bölgələrdə də müəyyən edilib. Azərbaycan Pre3zidenti cənab İlham Əliyevin sərəncamı ilə Qubada Soyqırımı Memorial Kompleksi inşa olunub. Burada 500-dən artıq dinc sakinin kütləvi şəkildə dəfn edildiyi müəyyənləşdirilib. 

Ümumilikdə, Azərbaycanın müxtəlif bölgələrində aşkarlanan bu cür məzarlıqlar ermənilərin xalqımıza qarşı xüsusi amansızlıqla həyata keçirdikləri cinayətlərin bariz nümunəsidir. Bu gün şəhidlərimizin anım günüdür. 

Onların xatirəsi qarşısında biz o zaman tam alnıaçıq olarıq ki, erməniləri törətdikləri bu faciələri unutmayaq, sona qədər araşdıraq, tarixi faktlarla sübit edək və ictimaiyyətə çatdıraq”. 

Əfsanə Rəcəb 

“Cebheinfo.az”

Açar sözlər:

31 mart Arzuxan Əlizadə

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
50
cebheinfo.az

10Mənbələr