AZ

Azərbaycanlılara qarşı Hitler taktikası : 10 dan çox bölgədə eyni anda yaşandı

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

“Tarixi sadəcə ardıcıl hadisələr silsiləsi kimi qəbul etmək düzgün olmazdı. O eyni zamanda cəmiyyətlərin düşüncə tərzini, siyasi yönlərini və psixoloji durumunu formalaşdıran dərin səbəblərin məhsuludur. Bu baxımdan 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü yalnız bir faciənin xatirəsi deyil, illərlə formalaşmış təhlükəli ideoloji xəttin qanlı nəticələrinin təcəssümüdür”.

Bu sözləri Globalinfo.az-a deputat Elçin Mirzəbəyli deyib.

“Ümummilli lider Heydər Əliyevin də vurğuladığı kimi, xalqımıza qarşı həyata keçirilmiş soyqırımı siyasətinin kökləri qədim dövrlərə gedib çıxsa da, bu həqiqətlərin beynəlxalq ictimaiyyətə sistemli şəkildə təqdim olunması yalnız müstəqillik dövründə mümkün oldu. Bu fakt onu göstərir ki, tarix təkcə baş vermir – o həm də qorunmalı, izah edilməli və müdafiə olunmalıdır”, – deputat qeyd edib.

E.Mirzəbəyli bildirib ki, məsələyə daha dərindən yanaşdıqda, bu faciələrin ideoloji əsaslarının necə formalaşdığını görmək çətin deyil:

“XVI əsrdə – 1568-ci ilin fevralında İspan inkvizisiyasının Niderland xalqına qarşı çıxardığı ölüm hökmü tarixdə bənzəri olmayan hadisə kimi təqdim olunur. Lakin sonrakı dövrlərdə oxşar yanaşmaların təkrarlandığını müşahidə edirik. Erməni kilsəsi və radikal millətçi dairələr də müxtəlif dövrlərdə geniş bir coğrafiyada – tarixi Azərbaycan torpaqlarından tutmuş Mərkəzi Asiya, Türkiyə, Gürcüstan və indiki İran ərazisinədək – qeyri-erməni xalqların izlərini silməyə yönəlmiş fəaliyyətlər həyata keçiriblər.

Erməni ultramillətçiliyi digər millətçi ideologiyalardan fərqli olaraq daha sərt və amansız xarakter daşıyır. Bu yanaşma yalnız siyasi məqsədlərlə məhdudlaşmır, eyni zamanda insanlıq əleyhinə yönəlmiş davranışları özündə birləşdirən təhlükəli düşüncə modelidir. Vandalizm anlayışına verilən izahlarda qeyd olunduğu kimi, bu cür düşüncə insanı ətrafındakı bütün dəyərləri məhv etməyə sövq edir. Ermənilər arasında isə bu, fərdi yox, kütləvi psixoloji hal kimi özünü göstərir və xüsusilə uyğun şərait yarandıqda daha açıq formada təzahür edir.

Sözügedən ideologiyanın əsas məqsədi yalnız ərazi iddiaları ilə məhdudlaşmırdı. Eyni zamanda, uydurma tarix narrativləri vasitəsilə yeni nəsli formalaşdırmaq, onları nifrət üzərində tərbiyə etmək və radikal düşüncəyə yönəltmək əsas hədəflərdən biri idi. Bu yanaşma XX əsrdə faşist ideologiyasının tətbiq etdiyi metodlarla müəyyən paralellər təşkil edir”.

Deputat deyib ki, XIX əsrin sonlarından etibarən bu ideoloji xətt artıq siyasi təşkilatlanma mərhələsinə keçdi:

“Qnçak” və “Daşnaksütyun” kimi təşkilatların yaranması ilə etnik təmizləmə siyasəti sistemli xarakter aldı. Maraqlı məqam ondan ibarətdir ki, bu təşkilatların fəaliyyətinə qarşı ciddi reaksiyanın olmaması onların daha geniş miqyasda fəaliyyət göstərməsinə şərait yaratdı. Bu isə həmin dövrdə baş verən hadisələrin daha böyük geosiyasi planların tərkib hissəsi olduğunu deməyə əsas verir.

Tarix sübut edir ki, miflər və yalan üzərində qurulan ideologiyalar son nəticədə dağıdıcı gücə çevrilir. Bu baxımdan Adolf Hitlerin formalaşmasına təsir edən mistik hekayələr və əfsanələr də diqqətəlayiqdir. Sadə bir mifin milyonlarla insanın həyatına son qoyan faciələrə səbəb olması, ideologiyanın nə qədər təhlükəli alətə çevrilə biləcəyini açıq şəkildə göstərir.

Eyni yanaşma erməni millətçiliyində də müşahidə olunur. Uydurma əfsanələr və saxta tarixi tezislər əsasında formalaşdırılan nifrət düşüncəsi nəticə etibarilə zorakılıq və qırğınlara gətirib çıxardı.

Elçin Mirzəbəyli 

Bu ideoloji xəttin ən ağır nəticələri isə XX əsrin əvvəllərində, xüsusilə 1918-ci ilin mart-aprel hadisələrində özünü göstərdi. “Böyük Ermənistan” ideyasını həyata keçirmək məqsədilə silahlı dəstələr tərəfindən azərbaycanlılara qarşı genişmiqyaslı qətliamlar törədildi.

1918-ci ilin mart ayının son günlərindən başlayaraq bir neçə gün ərzində Bakı və Azərbaycanın müxtəlif bölgələrində minlərlə dinc insan yalnız milli və dini mənsubiyyətinə görə öldürüldü. Qarabağ, Şamaxı, Quba, Naxçıvan və digər bölgələrdə baş verən hadisələr nəticəsində on minlərlə insan həyatını itirdi, çox sayda insan isə doğma torpaqlarından didərgin düşdü”.

E.Mirzəbəylinin sözlərinə görə, bu qırğınlar təkcə insan itkisi ilə məhdudlaşmadı:

“Yaşayış məntəqələri dağıdıldı, dini və mədəni abidələr məhv edildi. Şamaxı və Qubada baş verən hadisələr isə xüsusi qəddarlığı ilə yadda qaldı. Aşkarlanan kütləvi məzarlıqlar, qeyri-insani üsullarla həyata keçirilmiş qətllər bu cinayətlərin miqyasını və vəhşiliyini açıq şəkildə nümayiş etdirir.

Eyni zamanda, İrəvan quberniyası və Zəngəzur bölgəsində yüzlərlə kəndin məhv edilməsi və əhalinin kütləvi şəkildə qırılması bu siyasətin sistemli xarakter daşıdığını sübut edir.

Sözügedən hadisələrə hüquqi-siyasi qiymətin verilməsi isə yalnız müstəqillik dövründə mümkün oldu. 1998-ci ildə imzalanmış fərmanla 31 martın Soyqırımı Günü kimi qeyd olunması bu faciələrin dövlət səviyyəsində tanınması baxımından mühüm addım idi.

Sonrakı illərdə həyata keçirilən tədbirlər – tədqiqatların genişləndirilməsi, memorial komplekslərin yaradılması və beynəlxalq səviyyədə məlumatlandırma prosesinin aparılması – bu istiqamətdə görülən işlərin davamlı xarakter aldığını göstərir.

Nəticə etibarilə, 31 Mart hadisələri yalnız keçmişin acı xatirəsi deyil. Bu, ideologiyanın yanlış istiqamətdə inkişafının hansı fəlakətlərə səbəb ola biləcəyinin canlı sübutudur.

Hazırda əsas məsələ bu hadisələri sadəcə xatırlamaq deyil, onların mahiyyətini doğru şəkildə anlamaq və dünya ictimaiyyətinə çatdırmaqdır. Tarixi ədalətin bərpası və gələcək nəsillərin belə faciələrlə üzləşməməsi üçün bu, hər birimizin üzərinə düşən məsuliyyətdir”.

Turan Rzayev

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
49
globalinfo.az

1Mənbələr