AZ

Sosioloq Naib Niftəliyev: Uşaqlar əylənmək və inkişaf etmək istəyərkən, bəzən böyüklər buna mane olurlar

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Müasir dövrdə texnologiyanın sürətlə inkişafı insanların həyatında böyük dəyişikliklər yaradıb. Bu dəyişikliklər xüsusilə uşaqların gündəlik fəaliyyətində özünü daha aydın göstərir. Məsələn, əvvəllər uşaqlar boş vaxtlarında həyətdə, parkda oyun oynayardılar, həm də sosiallaşırdılar. Ancaq indi vəziyyət necədir?Uşaqların küçədə oyun oynamasının azalmasının səbəbləri nədir?Onlar yenidən aktiv və hərəkətli oyunlara necə təşviq edilə bilər?

Sosioloq Naib Niftəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, texnologiyalar uşaqlara intellektual üstünlük, fəaliyyət imkanları, yeni bilik və bacarıqların mənimsənilməsi imkanlarını gətirir: “Fikrimcə ən yaxşı vasitə virtuallıqla şəbəkə məkanı ilə işgüzar oyunların və uşaq oyunlarının əlaqələndirilməsidir. Öncə uşaqları bu oyunlarla tanış etmək, sonra bu oyunları aktiv fəaliyyətə sövq etmək gərəkdir. Təbii ki, böyük ekranda görüntülər uşaq televiziyası üçün maraqlı olar. Bildiyimiz kimi belə kanallar var. Bu istiqamətdə də onların fəaliyyəti çox uğurlu, çox faydalı ola bilər. Uşaqlara daha geniş, aydın ekranda təsəvvür etdiklərini həm də təkrarlamağa vadar edilməklə həm evdə, həm də çöldə aktiv həyat tərzini nizamlaya və zəruri vərdişləri mənimsəyə - qaça, yarışa və müxtəlif oyunların təşkilində iştirak edə bilər. Yəni texnologiyaların verdiyi imkanları uşaqların xeyrinə dəyişmək mümkündür və bu dəyişikliklər də sonradan uşaqların fəaliyyətinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərə bilər. Əgər biz yalnız təbiətlə təması, aktiv həyat fəaliyyətini önə çəksək, onda onların intellektual fəaliyyəti ilə bağlı bəzi vərdişlərinin arxa plana keçməsi ilə razılaşmalıyıq. Texnologiyalar uşaqlara intellektual üstünlük, fəaliyyət imkanları baxımından yeni bilik və bacarıqların mənimsənilməsi imkanlarını gətirir, amma bununla yanaşı istər-istəməz ekran qarşısında qapanma, digər aktiv vərdişlərə sosiallaşma ilə bağlı olan idman hərəkətləri, fiziki aktivlik məhdudlaşdırılma ilə nəticələnə bilər. Ancaq nəzərə almaq lazımdır ki, böyük ekranda bunu müşahidə edən uşaqlar həm də onu təkrarlamaya meyillidirlər və buna da müxtəlif verilişlər, xüsusi uşaq proqramları, uşaq əyləncə tədbirləri çərçivəsində texnologiyaların imkanlarını uşaqların aktivliyini stimullaşdırmaq üçün istifadə etməklə aradan qaldırmaq mümkündür. Yəni burada təbii ki, dəyişikliklər önəmli və vacibdir. Uşaqlar da bu dəyişikliklərə öncədən hazır olmalıdır. Biz indi istəsək belə uşaqların telefondan və yaxud şəbəkələrdən müəyyən istifadəsinin qarşısını ala bilmirik və onlar istər-istəməz gördüklərini öyrənməyə və bunu mənimsəməyə çalışırlar. Bu mənimsəmə prosesinin təbii xarakterini, qaçınılmazlığını, zəruriliyini nəzərə alaraq nəyi necə mənimsətmək imkanlarını müəyyənləşdirmək pedaqoqların, müəllimlərin, müəyyən hallarda idmandan söhbət gedirsə, məşqçilərin üzərinə düşən bir vəzifədir. Sosiallaşma təbii bir prosesdir. Texnologiyalar sosial həyatın bir hissəsi olduğu kimi onlar da sosiallaşma prosesində obyektiv vasitəçi kimi çıxış edə bilirlər. Subyekt deyə bilmirik, çünki faktiki olaraq texnologiyaların nisbi müstəqil fəaliyyət imkanları tədricən formalaşsa belə bir canlı deyillər. İnsanın fəaliyyətindən asılır, istənilən halda bu subyektin təsir aləti olaraq çıxış edə bilirlər. Məsələn; ağır texnologiyalar müəyyən istiqamət, yol göstərə bilir. Bu da uşaqları müəyyən bir qapalı məkana cəlb edə, yaxud onların fəaliyyətini süstləşdirər. Hətta xoşagəlməz bədbəxt hadisələrə səbəb ola bilərlər. “Mavi balina” oyununu burda xatırlamaq yerinə düşər. Bununla bağlı faktiki hadisələri xatırlayarsınız”.

Naib Niftəliyev

Naib Niftəliyev vurğulayıb ki, uşaqlar əylənmək və inkişaf etmək istəyərkən, bəzən böyüklər əhəmiyyətli dərəcədə buna mane olurlar: “Küçədə oynamaqla bağlı bizə iki vacib şərt var.

Küçə oyunları üçün zəruri şərait olmalıdır- düzdür parklar var, amma bu kifayət eləmir. Müəyyən boş məkanların yaranması, yaxud buna bir şərait yaradılması, toxunulmaz məkanların xüsusi bir statusunun müəyyən edilməsi də uşaqlar üçün vacibdir.Oyun şəraiti və oyun imkanları üçün bərabər minimum şərtlər formalaşdırılmalıdır.

Son dövrlərdə müşahidə etdiyimiz faktlardan biri də budur ki, insanlar uşaqların hərəkətlərinə ya bilərəkdən, ya da bilməyərəkdən məhdudiyyətlər yaradırlar. Məsələn; küçədə uşaqlar futbol oynamaq istəyir. Bir qapıdan o biri qapıya oynadıqları zaman bəzi valideynlər qapıları kənara çəkir, digərləri isə öz qapılarının qarşısına maneələr qoyur. Nəticədə futbol oyunu uşaqlar üçün əyləncəyə yox, məşəqqətə çevrilir. Yəni uşaqlar əylənmək və inkişaf etmək istəyirlər, lakin böyüklər əhəmiyyətli dərəcədə buna mane olurlar. Yəni texnologiyaların yaratdığı qapalılıqla yanaşı, digər obyektiv amillər də mövcuddur. Digər tərəfdən isə uşaqların oynadığı, əyləndiyi stadionların və ya oyun sahələrinin yerində bəzən otellər tikilir, villalar salınır və ya həmin ərazilər başqa məqsədlər üçün istifadə olunur. Beləliklə, uşaqlar artıq öz idman bacarıqlarını təbii və müstəqil şəkildə inkişaf etdirə, bu istiqamətdə sərbəst çalışa bilmirlər.

Bəzən şəxsi maraqları insanlar önə çəkərək məsələn, bələdiyyə sədri uşaqların istifadə etdiyi qoruma altında olan torpaqları hansısa yolla mənimsəyib qanuniləşdirib saxta yolla tikili tikdirir, yaxud istirahət mərkəzi salır. Beləliklə uşaqların oyun imkanları məhdudlaşır. Bizim müəyyən rəsmi və qeyri-rəsmi qurumlarımız idarəçilik strukturlarımız da bu məsələlərdə vəzifələrini icra edə bilmirlər. Uşaqların gələcəyi dövlətin, cəmiyyətin gələcəyidir. Uşaqların sağlam formalaşması, onların şəxsiyyətinin adekvat şəkildə sosiallaşması, onların idmana, sağlamlığa, sağlam həyat tərzinə uyğun yetişməsi cəmiyyətin maraqları daxilindədir. Cəmiyyətin müstəqil vətəndaş mövqeyinin formalaşması zəminində öz mövqelərini düzgün və lazımlı bir şəkildə ifadə edə bilmək çox vaxt onların öz mövqelərindən, maraqlarından sui-istifadə etməsi, korporativ maraqlar güdmələri, şəxsi mənfəət, ciblərini güdmələri uşaqların həm şəxsiyyətinə, həm sosiallaşamasına, qidalanmasına, sağlamlıq baxımından hərəkətliliyinə mənfi təsirlər göstərən amillər sırasındadır. Bunu aradan qaldırmaq üçün bələdiyyələrdə sosial işçilərin fəaliyyətinə yaxşı olardı ki, önəm versinlər. Çünki onlar sosial həll problemlərini, sosial həll modellərini və sosial həll proqramlarını tətbiq edə bilirlər və bunun üçün də dövlətin müəyyən qədər vəsait ayrılması vacibdir. Bu həll reallaşdıqca düşünürəm ki, sosial texnologiyalardan qorxmağa dəyməz. Texnologiyaları tətbiq etməklə uşaqları daha hərəkətli, daha fəal və daha proqressiv şəkildə inkişaf etdirmək mümkündür”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
bizimyol.info

1Mənbələr