AZ

Qarabağın “Qırmızı Kitab”ı hazırlanır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biologiya və Tibb Elmləri Bölməsinin əlaqələndirici fəaliyyəti ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında biomüxtəlifliyin tədqiqi həyata keçirilir.

AMEA-dan bildirilib ki, ekspedisiyalar və monitorinqlər nəticəsində nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növləri, torpaq və su ehtiyatları, ekosistemlərin mövcud vəziyyəti sistemli şəkildə öyrənilir.

Tədqiqatların nəticəsi olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “Qırmızı Kitab”ının hazırlanması istiqamətində işlər görülür. İlkin mərhələdə Elm və Təhsil Nazirliyinin Botanika İnstitutu tərəfindən hazırlanmış “Qarabağın nadir və nəsli kəsilməkdə olan növləri barədə məlumat kitabı”na Qarabağda yayılan 41 fəsiləyə aid 87 növ haqqında məlumat və şəkil daxil edilib. Eyni zamanda, Azərbaycan Respublikasının mövcud “Qırmızı Kitab”ının 3-cü nəşrində yer alan 60-a yaxın bitki növü ilə yanaşı, təqribən 120 yeni bitki növünün Qarabağın “Qırmızı Kitab”ına salınması planlaşdırılır.

Bununla yanaşı, aparılmış ekspedisiyalar və toplanmış herbari materialları əsasında “Qarabağ florası” adlı fundamental elmi nəşr hazırlanaraq çap edilib. Həmin nəşrdə 2000-dən çox ali bitki, 400-dən artıq göbələk növü, 300 relikt və endemik bitki, o cümlədən 91 nadir növün rəngli foto və elmi təsvirləri yer alıb. Kitabda Qarabağa ali bitkilərin, göbələk növlərinin, mamır və şibyələrin botaniki xüsusiyyətləri və illüstrativ şəkilləri öz əksini tapıb.

Bütün bu işlər Qarabağa “Elmin Böyük Qayıdışı” konsepsiyasının real nəticələrindən biridir və regionda ekoloji təhlükəsizliyin, dayanıqlı inkişafın elmi əsaslarla təmin olunmasına xidmət edir.

AzPost.az

Seçilən
0
6
azpost.info

7Mənbələr