AZ

LDU-nun müəllimi elmi dərəcə alıb

LDU-nun müəllimi elmi dərəcə alıb

 

Lənkəran Dövlət Universitetinin (LDU) müəllimi Hikmət Səlimov iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarına əsasən, LDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin tədris işləri üzrə dekan müavini, İqtisadiyyat və innovativ idarəetmə kafedrasının baş müəllimi Hikmət Səlimova “Sahə iqtisadiyyatı” ixtisası üzrə bu elmi dərəcə verilib.
Onun “Lənkəran iqtisadi rayonunun aqrar-emal müəssisələrində marketinq fəaliyyətinin formalaşdırılması” mövzusunda tədqiqat işi Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin edilməsi zərurətindən irəli gəlir. Tədqiqatın əsas məqsədi aqrar-emal müəssisələrində marketinq fəaliyyətinin səmərəli təşkili və idarə olunması üçün elmi əsaslandırılmış metodiki və təşkilati-iqtisadi tövsiyələrin hazırlanmasıdır.
Qeyd edək ki, Hikmət Firdovsi oğlu Səlimov 14 sentyabr 1982-ci ildə Lənkəran şəhərində anadan olub. 2000-ci ildə Lənkəran Dövlət Universitetinin “İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisasına daxil olub və 2004-cü ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirib. Elə həmin ildə magistratura təhsilinə başlayıb və 2006-cı ildə magistr pilləsini də fərqlənmə diplomu ilə başa vurub.
Əmək fəaliyyətinə 2007-ci ildə “DəmirBank” ASC-nin Lənkəran və Masallı filiallarında başlayıb və 2015-ci ilə qədər müxtəlif vəzifələrdə çalışıb. 15 sentyabr 2016-cı ildən etibarən LDU-nun “İqtisadiyyat və menecment” kafedrasında müəllim kimi fəaliyyət göstərib.
2017-ci ildə “Sahə iqtisadiyyatı” ixtisası üzrə doktoranturaya qəbul olunub və dissertasiya işini uğurla tamamlayaraq müdafiəyə təqdim edib. O, 10 elmi məqalə və 15 tezisin müəllifidir.
Hikmət Səlimov 2017-ci ildən LDU-nun “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında baş müəllim kimi çalışıb. 2019–2020-ci illərdə sosial məsələlər üzrə dekan müavini vəzifəsini icra edib. 2023-cü ildən isə İqtisadiyyat və idarəetmə fakültəsində tədris işləri üzrə dekan müavini vəzifəsində fəaliyyətini davam etdirir.
O, “Azərbaycan iqtisadiyyatı”, “Satışın idarə edilməsi”, “Brendinqin idarə edilməsi”, “Strateji marketinq”, “Firmanın iqtisadiyyatı”, “Xidmət sahələrinin marketinqi”, “Beynəlxalq iqtisadiyyat” və digər fənləri tədris edir.
Ailəlidir, iki övladı var.
Bu münasibətlə dəyərli eloğlumuzu təbrik edir, ona gələcək elmi və pedaqoji fəaliyyətində daha böyük uğurlar arzulayırıq.

 

Akif AĞAYEV
 

Seçilən
19
qht.az

1Mənbələr