AZ

Mart soyqırımı uzun illər formalaşmış təhlükəli ideologiyanın qanlı nəticəsi kimi dəyərləndirilməlidir RƏY

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 31 mart, AZƏRTAC

Tarix yalnız baş verən hadisələrin xronikası deyil, həm də bu hadisələri doğuran ideoloji, siyasi və psixoloji amillərin kompleksidir. 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü də məhz bu baxımdan yalnız bir faciənin deyil, uzun illər formalaşmış təhlükəli ideologiyanın qanlı nəticəsi kimi dəyərləndirilməlidir. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, xalqımıza qarşı həyata keçirilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da, bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması yalnız müstəqillik dövründə sistemli xarakter almışdır. Bu isə bir daha göstərir ki, tarix yalnız yaşanmaqla deyil, həm də anlatmaqla və müdafiə etməklə qorunur.

Məhz bu ideoloji kökləri anlamaq üçün məsələyə daha geniş prizmadan yanaşmaq vacibdir. 458 il öncə, 1568-ci ilin fevralında İspan inkvizisiyası bütün Niderland xalqına ölüm hökmü kəsmişdi. Bu faktı tarixdə analoqu olmayan hadisə adlandırırlar. Amma eyni davranışı erməni kilsəsi, ultramillətçi təşkilatları dəfələrlə təkrarlayıblar və nəinki tarixi Azərbaycan torpaqlarından, Mərkəzi Asiyadan Türkiyəyə, Gürcüstandan indiki İranadək nəhəng bir coğrafiyadan türklərin və onlarla ortaq dəyərlərə sahib digər xalqların izlərini silməyə çalışıblar. Erməni ultramillətçiliyi həm formasına, həm də məzmununa görə, son 200 ildə mövcud olan bütün millətçi dünyagörüşlərindən fərqlənir. Daha aqressiv, mərhəmətsiz və amansızdır. Bu dünyagörüşü özündə bəşər tarixinin bütün pisliklərini, antiinsani təfəkkür və davranışlarını birləşdirən, son nəticədə paranoid şəxsiyyət pozuntusuna gətirib çıxaran təfəkkür və həyat tərzidir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli söyləyib.

O xatırladıb ki, erməni Qriqoryan kilsəsinin, “Daşnaksutyun” və “Qnçak” kimi ultramillətçi təşkilatların ideoloqlarının tarixi Azərbaycan torpaqlarından, o cümlədən İrəvandan azərbaycanlıların izini tamamilə silməkdə məqsədləri yalnız “böyük Ermənistan” xülyasını gerçəkləşdirməkdən ibarət olmayıb, onlar erməniləri, xüsusilə də yeni nəslin nümayəndələrini uydurduqları və saxta ideoloji pazllardan ibarət “tarix”lərinə inandırmaq, zombiləşdirmək, nifrət silahına çevirmək istəyirdilər.

“Əslində azərbaycanlılara və nəhəng bir regionun qeyri-erməni xalqlarına qarşı etnik təmizləmə siyasətinin ideoloji əsasları hələ 1887-ci ildə Cenevrədə, 1890-cı illərdə isə Tiflisdə elan edilən “Qnçak” və “Daşnaksutyun” partiyalarının fəaliyyətə başlaması ilə siyasi platforma müstəvisinə çıxarılıb və həmin zaman kəsiyindən etibarən də kilsənin birbaşa iştirakı ilə qatı millətçi təşkilatlanma, silahlanma prosesinə başladılıb. Hər iki ultramillətçi təşkilatın yaradılmasında diqqət çəkən məqamlardan biri onların siyasi platformaya keçidi prosesinin Qərb ölkələrinin siyasi mərkəzlərindən birində və Rusiya imperiyasının Cənubi Qafqaz canişinliyinin mərkəzində elan olunmaları, fəaliyyətə başlamaları ilə bağlıdır. Maraqlıdır ki, həmin dövrə aid olan məlumat bazalarında nə “Qnçak”, nə də “Daşnaksutyun” partiyalarının fəaliyyətini qadağan edən, yaxud məhdudlaşdıran hər hansı bir sənədə rast gəlmək mümkün deyil. Bu faktın özü, Azərbaycandan Türküstana qədər nəhəng bir bölgəni əhatə edən soyqırımı cinayətlərinin tarixi səlib yürüşlərinin tərkib hissəsi kimi həyata keçirildiyini, məqsədin Azərbaycan-türk və İslam mədəniyyətinin izlərinin Avrasiyadan silməkdən ibarət olduğunu söyləmək mümkündür”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, nifrət, yalan, xəstə, şizofrenik təfəkkürdən doğan mistik fərziyyələr üzərində qurulan ideyalar nüvə silahından da dəhşətli silahdır. Qatı millətçiliyin, o cümlədən erməni millətçiliyinin tarixi də bunu sübuta yetirir. Bu ideoloji xəttin real nəticələri isə xüsusilə 1918-ci ilin mart-aprel hadisələrində özünün ən dəhşətli təzahürünü tapdı. Mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə daşnak-bolşevik silahlı dəstələri Bakı Sovetinin mandatı altında azərbaycanlılara qarşı genişmiqyaslı qırğınlar həyata keçirdilər. 1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində on minlərlə dinc insan yalnız etnik və dini kimliyinə görə qətlə yetirildi. Qarabağ, Şamaxı, Quba, Naxçıvan, Zəngəzur, Lənkəran, Salyan və digər ərazilərdə törədilən qırğınlar nəticəsində 30 mindən çox azərbaycanlı öldürüldü, on minlərlə insan doğma torpaqlarından didərgin salındı. Bu hadisələr zamanı təkcə insanlar deyil, yaşayış məntəqələri, məscidlər, qəbiristanlıqlar, məktəblər və mədəniyyət abidələri də məqsədli şəkildə məhv edildi. Şamaxıda on minlərlə insanın qətlə yetirilməsi, yüzlərlə kəndin dağıdılması, Qubada kütləvi məzarlıqların aşkar olunması bu cinayətlərin miqyasını və vəhşiliyini açıq şəkildə göstərir. Quba qırğınları zamanı aşkar edilən faktlar isə xüsusi qəddarlığın göstəricisidir – insanların küt alətlərlə öldürülməsi, başlarına mismar vurulması, cəsədlərin quyulara doldurulması bu cinayətlərin insanlıqdan uzaq mahiyyətini ortaya qoyur. Eyni zamanda, İrəvan quberniyası və Zəngəzurda yüzlərlə azərbaycanlı kəndinin yerlə-yeksan edilməsi, yüz minlərlə insanın qətlə yetirilməsi və ya deportasiya olunması bu siyasətin sistemli xarakter daşıdığını təsdiqləyir .

“Bu cinayətlər yalnız tarixdə qalmadı – onların hüquqi-siyasi qiymət alması da mühüm mərhələ oldu. 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 31 mart rəsmi şəkildə Soyqırımı Günü elan edildi və bu faciələrə dövlət səviyyəsində qiymət verildi. Sonrakı dövrdə Prezident İlham Əliyevin təşəbbüsləri ilə bu istiqamətdə aparılan siyasət daha da gücləndirildi, Qubada Soyqırımı Memorial Kompleksinin yaradılması, yeni tədqiqatların aparılması və beynəlxalq ictimaiyyətin məlumatlandırılması istiqamətində mühüm addımlar atıldı.

Beləliklə, 31 Mart faciəsi yalnız tarixi hadisə deyil – bu, nifrət ideologiyasının, saxta miflərin və radikal millətçiliyin insanlığa qarşı yönəlmiş cinayətə çevrilməsinin konkret nümunəsidir. Bu gün qarşıda duran əsas vəzifə yalnız bu faciəni anmaq deyil, onun həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq, saxta təbliğatın qarşısını almaq və tarixi ədalətin bərpasına nail olmaqdır. Çünki bu, təkcə keçmişə deyil, həm də gələcəyə münasibətdə məsuliyyət və insanlıq borcudur”, - deyə E.Mirzəbəyli vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
azertag.az

2Mənbələr