BUTA.TV xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Elmira Şabanova deyib. "İstedadlı yaşlı insanlar həyatdan köçür. Gənc sənətkarlar yaşayıb yaratsınlar. Bizim bəxtimiz gətirib ki, istedadlı müəllimlərlə işləmişik. Adil İsgəndərov, Tofiq Kazımov, Mehdi Məmmədov... Mehdi Məmmədov Rasimgilin kursunun rəhbəri idi. Mən də yeni dərs deməyə gəlmişdim. Əliabbas Qədirov, Mikayıl Mirzə, Rasim Balayev kimi sənətkarlara dərs deyirdim. Mən Rasimdən təxminən 8 yaş böyüyəm. Biz yaxşı dövrdə yaşamışıq. Rasim Balayev "kinoittifaq"da çalışdığı dövrlərdə xarici ölkələrə gedirdik, səfərlərimiz çox olurdu. İndi "kinoittifaq" yoxdur ki... Rasim bu işə çox can yandırırdı. Mən də orada üzv idim. Söhbət 80-ci illərdən gedir. Bir müddət sonra məlum məsələlərə görə oradan çıxdım. Rasim yaradan aktyor idi" - xalq artisti vurğulayıb.
Elmira Şabanova bildirib ki, hər sənətkarın öz yolu, izi var:
"Bizim sənətdə hamı "yek", ulduz olmaq istəyir. Ələlxüsus da aktrisalar. Azərbaycanda yalnız bunlar səs salmalı idilər. Qalan hər kəsə badalaq verirdilər. Yuxarılarda heç vaxt adamım olmayıb. Nə qazanmışamsa öz gücümə qazanmışam. Bu gün efirlərə çıxmıram. Sağ olsunlar, dəvət edirlər. Mən əgər "yox" dedimsə demək ki, vəssalam. Mənə elə gəlir ki, telekanallar məndən inciyiblər. Çünki nə filmlərimi, nə televiziya tamaşalarımı göstərirlər. Göstərin də, özümlə qəbirə aparmayacağam".