Azərbaycanda son günlər yağan güclü yağışlar bəzi ərazilərdə subasmalara səbəb olub.
Xüsusilə aşağı relyefli və drenaj sistemi zəif olan yerlərdə ev sahibləri və alıcılar narahatlıq yaşayır. Daşınmaz əmlak bazarında isə vəziyyət fərqlidir.
Su basan ərazilərdə evlərin qiyməti ya müvəqqəti olaraq düşür, ya da alıcı marağı azalır. Bu səbəbdən ev sahibləri gələcək satış və kirayə planlarını yenidən gözdən keçirir.
Bəs hazırda su basan ərazilərdə evlərin qiyməti necədir?
Əmlak eksperti Elnur Fərzəliyev “Cebheinfo.az”-a bildirib ki, mövsümi olaraq hər ilin mart ayının sonundan başlayaraq avqust ayının sonuna qədər fərdi yaşayış evlərinə, torpaq sahələrinə və bağ evlərinə tələbat artır.

Tələbat artması səbəbindən də bu tip əmlakların satış qiymətlərində də artımlar müşahidə olunur:
“Son illərdə paytaxt Bakı şəhərində baş verən söküntülər səbəbindən evləri sökülən sakinlərin böyük bir qismi Bakı və Abşeronətrafı ərazilərdəki ucuz yaşayış evlərinə üz tuturdular ki, bu səbəbdən o evlərə tələbatın artması onların satış qiymətinin də artmasına gətirib çıxardı.
Lakin son günlər baş verən güclü yağışlar səbəbindən Bakı və Abşeron ərazisinin bir çox hissələrinin xüsusən də fərdi yaşayış evlərindən ibarət yaşayış massivlərinin su altında qalması artıq həmin ərazilərdəki əmlakların satıç qiymətlərini endirəcək. Həmin ərazilərdən əmlaklar yaxın günlərdə kütləvi olaraq satışa çıxarılacaqdır.
Təbii ki, baş verən hadisə bird aha onu göstərdi ki, bu tip ərazilərdə yağış, qar su ötürücüləri və kanalizasiya xətlərinin standartlara cavab verməməsi artıq növbəti dəfə də bu tip halların baş verməsi həmin ərazilərdə yeni subasma hallarına gətirib çıxara bilər.
Digər tərəfdən isə bu tip əmlakların su altında qalması səbəbindən onların təmirinə ciddi şəkildə zərərlər dəydi”.
Ekspert qeyd edir ki, digər tərəfdən, su basmış ərazilərdə sular çəkildikdən sonra bir çox xəstəliklərin yarana biləcəyi qaçılmazdır:
“Bu ərazilərdə müxtəlif virusların yayılma riskləri də artır. Bu cür səbəblərdən də su basmış həyət evlərinin satış qiymətində ciddi şəkildə enmələr müşahidə olunacaq”.