AZ

Erməni millətçilərinin törətdikləri faciələr xalqımızın qan yaddaşında dərin izlər buraxıb

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Qax, 31 mart, AZƏRTAC

Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayətlər sırasında 1918-ci ilin mart soyqırımı həm öz miqyasına, həm də amansızlığına görə ən dəhşətli faciələrdən, qırğınlardan biri hesab olunur. Xalqımıza qarşı törədilən həmin qanlı hadisələrdə on minlərlə insan ən qəddar üsullarla qətlə yetirilib. Bu qanlı soyqırımı siyasəti təkcə Bakıda deyil, eyni zamanda, Gəncədə, Şamaxıda, Qubada, Zəngəzurda, Lənkəranda, Naxçıvanda, Qarabağda və digər bölgələrdə misli görünməmiş qəddarlıqla həyata keçirilib. Xalqımıza məxsus maddi-mədəniyyət abidələri, yüzlərlə təhsil ocağı, uşaq bağçaları, kəndlər, şəhərlər dağıdılaraq məhv edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar martın 31-də Qax şəhərində keçirilən dəyirmi masada səsləndirilib.

Soyqırımı Günü ilə əlaqədar rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, ayrı-ayrı əmək kollektivlərinin rəhbər şəxsləri və əməkdaşları, ictimaiyyət nümayəndələri Qax şəhərindəki Şəhidlər xiyabanına gələrək, Vətənimizin azadlığı uğrunda canlarından keçən igid həmvətənlərin məzarları üzərinə gül-çiçək düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Qax rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin, şəhidlərin və soyqırımı qurbanlarının xatirəsi yad olunub.

Rayon icra hakimiyyəti başçısını müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Vəfa Heydərova çıxış edərək, Azərbaycan xalqına qarşı yüzillər boyu davam edən soyqırımı və təcavüz siyasətinin məqsədi, mahiyyəti və tarixi kökləri barədə məlumat verib, ermənilərin azərbaycanlılara qarşı zaman-zaman həyata keçirdikləri soyqırımı, törətdikləri vəhşiliklər barədə danışıb.

YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev və digər çıxış edənlər erməni millətçilərinin törətdikləri vəhşilik və zorakılıqların, faciələrin xalqımızın qan yaddaşında dərin izlər buraxdığını və heç vaxt yaddaşlardan silinməyəcəyini vurğulayıblar. Bildirilib ki, şanlı Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə yeni-yeni səhifələr yazıb. Bu şanlı Qələbə sayəsində soyqırımı qurbanlarının qanı yerdə qalmayıb, onların qisası döyüş meydanlarında alınıb.

Müxbir – Mustafa Dadaşov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
azertag.az

1Mənbələr