AZ

Ağır faciələr xalqımızı daha da mətinləşdirib, Vətən və milli dövlətçiliyimiz naminə mübarizəyə səfərbər edib

Bakı, 31 mart, AZƏRTAC

Azərbaycan xalqı son iki əsrdə erməni terrorizminə məruz qalıb. Bu dövrdə təcavüzkar erməni millətçiləri xalqımıza qarşı milli-etnik zəmində kütləvi qətliamlar, soyqırımı aktları törədib, bəşəriyyət əleyhinə qəddar və amansız cinayətlərə imza atıblar. 1918-ci il martında törədilən soyqırımı da ermənilərin xalqımıza qarşı törətdiyi ən amansız cinayətlərdən biridir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, ermənilərin 1918-ci ilin martında azərbaycanlılara qarşı törətdikləri soyqırımının miqyası böyükdür. Sıralarında çoxlu sayda erməni millətçilərinin cəmləşdiyi Bakı Kommunası “əks-inqilabçılara qarşı mübarizə” şüarı altında 1918-ci ilin martında Bakı quberniyasında azərbaycanlıların tamamilə məhv edilməsi kimi cinayətkar planın icrasını həyata keçirməyə cəhd etdi. Erməni quldur dəstələri təkcə Bakıda deyil, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər yerlərdə dinc əhaliyə qarşı soyqırımı törətdilər. Erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirib, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları da qılıncdan, süngüdən keçirərək diri-diri yandırıb, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıdıblar.

S.Fətəliyeva qeyd edib ki, ermənilər tərəfindən xalqımıza qarşı 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə qətliamlar törədilib. Amma sovetlər dönəmində bu faktlar gizlədilib və ya təhrif olunmuş şəkildə təqdim olunub. Nəticədə ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində erməni ekspansionist şovinizmi bir daha baş qaldırdı, Azərbaycan xalqı yenidən çətin sınaqlara, deportasiya, etnik təmizləmə, işğala düçar oldu və Xocalı soyqırımı kimi dəhşətli faciə yaşadı.

Milli Məclisin deputatının sözlərinə görə, yalnız müstəqillik illərində keçmişimizin real mənzərəsini yaratmaq və xalqımıza qarşı dəfələrlə törədilmiş soyqırımı cinayətlərinə siyasi-hüquqi qiymət vermək imkanı qazandıq: “Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı mühüm tarixi əhəmiyyət kəsb edir. Həmin sənəddə XIX əsrin əvvəllərindən müasir dövrümüzə qədər Azərbaycan torpaqlarının zəbti, kütləvi qırğınlar, deportasiya və etnik təmizləmələrlə müşayiət olunan faciələr “ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri” kimi qiymətləndirilib və 31 mart “Azərbaycanlıların Soyqırımı günü” elan edilib. Bu sərəncama əsasən, ölkəmizdə hər il 31 mart “Azərbaycanlıların Soyqırımı günü” qeyd olunur, soyqırımı qurbanları anılır.

S.Fətəliyeva vurğulayıb ki, erməni millətçiləri soyqırımları törətməklə Azərbaycan xalqını sarsıtmaq, torpaqlarımızı zorla ələ keçirmək məqsədi güdsələr də, ağır faciələr xalqımızı daha da mətinləşdirib, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər edib.

Seçilən
0
1
azertag.az

2Mənbələr