AZ

Koxalski Qurban Qurbanova hörmətsizlik etmirmi? - YAZI

“Qarabağ”ın qapıçısı Mateuş Koxalskinin komandadan ayrılmağı düşündüyünü bilirsiz.

Öz aramızdı, polşalı hər fürsətdə İngiltərə premyer-liqasında forma geymək istəyini dilə gətirir. Təbii ki, qolkiper mövsümün əvvəlində həmin ifadələri belə arxayınlıqla söyləyə bilməzdi. Lakin avrokubokların cari mövsümü onun üçün də böyük sürpriz gətirdi. Karyerası ərzində ilk dəfə legioner həyatı yaşayan futbolçu “Qarabağ”ın heyətində Çempionlar Liqasının pley-off mərhələsində çıxış etdi.

Heç şübhəsiz, bu göstərici Koxalski üçün zirvədi. O, çox yaxşı dərk edir ki, “köhlən atlar”ın bir də o mərhələyə qədər irəliləməsi zəif ehtimaldı. “Sabah”ın Ağdam təmsilçisini 10 xal qabaqladığını da nəzərə alsaq, “Qarabağ”ın növbəti mövsümdə Çempionlar Liqasından kənarda qalacağını proqnozlaşdırmaq olar.

Kəsəsi, hadisələrin axarına nəzər yetirən Koxalski yeni iş yeri axtarır və bunu heç gizlətmir də. İnsafən, xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandıranda Mateuş liqa və pley-off mərhələsində ən çox seyv edən üçüncü qapıçı idi. O, bu göstəricidə yalnız Nikita Haykinlə Tibo Kurtuadan geri qalırdı. Bu səbəbdən özüylə öyünməyə, bəzi hallarda təvazökarlıqdan uzaq olmağa haqqı var. Lakin heç nə “Qarabağ”a, xüsusilə, Qurban Qurbanova hörmətsizlik etməyə haqq qazandıra bilməz! Axı Koxalskinin “köhlən atlar”la müqaviləsinin müddəti hələ gələn ilin yayında başa çatacaq. O, qapıçı kimi sözünü meydanda deyib. Nə rəqəmlər “ölür”, nə də həmin qurtarışlar gözümüzün qabağından gedib.

Əziz Koxalski, varsa, təklifləri dəyərləndir, alınsa, get! Ancaq yerli-yersiz getməkdən danışmaq, başqa klublarda forma geymək istəyini el-obaya car çəkmək “Qarabağ”a hörmətsizlikdi.

KƏNAN BAHADIR

Seçilən
17
1
football-plus.az

2Mənbələr