Qahirə, 31 mart, AZƏRTAC
Sudanın Xarici İşlər Nazirliyi Adri sərhəd keçid məntəqəsinin humanitar yardımlar üçün açıq saxlanılması müddətinin daha 3 ay – iyunun sonunadək uzadıldığını açıqlayıb.
AZƏRTAC “əş-Şarq əl-Avsət” qəzetinı istinadla xəbər verir ki, keçid məntəqəsi mərkəzi hakimiyyətə qarşı silahlı mübarizə aparan Çevik Dəstək Qüvvələrinin faktiki nəzarətində olan ərazidə yerləşsə də, BMT və beynəlxalq təşkilatlar humanitar yüklərin çatdırılması üçün hələ də rəsmi Sudanın razılığına ehtiyac duyur.
Sudanın qərbində, Qərbi Darfur əyaləti ilə həmsərhəd ərazidə yerləşən Adri keçidi Çadın eyniadlı şəhəri ilə həmsərhəddir.
Sudanda müharibə başlayandan sonra bu keçid adi sərhəd məntəqəsindən siyasi və hərbi baxımdan həssas nöqtəyə çevrilib. BMT-nin milyonlarla darfurluya yardım çatdırması üçün əsas marşrutlardan biri sayılır və qaçqınların hərəkəti üçün mühüm dəhliz rolunu oynayır. Bununla yanaşı, Sudan hökuməti keçiddən qeyri-humanitar yüklərin, o cümlədən silah və təchizatın daşındığını da iddia edir.
Nazirliyin bəyanatında bildirilib ki, qərar hökumətin ölkə üzrə zərərçəkmiş əhaliyə humanitar yardımın çatdırılmasına sadiqliyini əks etdirir və beynəlxalq humanitar hüquq normalarına uyğun koordinasiyanın davam etdirilməsinə yönəlib. Eyni zamanda, bəyanatda beynəlxalq və yerli qurumlarla əməkdaşlığın gücləndirilməsinə çağırış edilib.
Qeyd edək ki, keçid formal olaraq həm Sudan, həm də Çadın suveren nəzarətindədir: Çad tərəfi öz hissəsinə nəzarət etsə də, keçidin Sudana aid hissəsi isə hazırda hökumətin deyil, Çevik Dəstək Qüvvələrinin təsir dairəsindədir.
Bundan əvvəl Sudan hökuməti, hazırda Port Sudan şəhərində fəaliyyət göstərən administrasiya olaraq, keçidi bir neçə dəfə bağlamış, lakin beynəlxalq təzyiqlər nəticəsində yenidən açmağa razı olmuşdu.
Adri keçidi Çad ilə Darfur arasında ən qısa quru yol hesab olunur və bu səbəbdən də ora nəzarət təchizat, mal dövriyyəsi və insanların hərəkəti baxımından strateji əhəmiyyət daşıyır.
Hazırda Sudan tərəfdə rəsmi gömrük və sərhəd nəzarətinin olmaması keçidin “müharibə iqtisadiyyatı” üçün istifadə oluna biləcəyi ilə bağlı narahatlıqları artırır. Bildirilir ki, yanacaq və müxtəlif mallar buradan keçərək qeyri-rəsmi ödənişlər müqabilində daşınır və bu da bölgədə fəaliyyət göstərən silahlı qruplar üçün maliyyə mənbəyinə çevrilə bilər.
Buna baxmayaraq, BMT Adri keçidinin açıq qalmasının vacibliyini vurğulayaraq, onu Darfur bölgəsində yaşayan milyonlarla insan üçün “həyat xətti” kimi qiymətləndirir. Sudan hökuməti isə eyni zamanda bu marşrutun Çevik Dəstək Qüvvələri tərəfindən istifadə olunduğunu iddia edir.