AZ

ABL: “Sabah” müntəzəm mövsümü qələbə ilə bitirdi – ARENA.AZ

Bu gün keçirilmiş son bir oyunla Azərbaycan Basketbol Liqasında (ABL) müntəzəm mövsümə (2025/2026) yekun vurulub.

Arena.az xəbər verir ki, 20-ci turun və müntəzəm mövsümün qapanış matçında A qrupunun lider “Sabah”la əsas izləyicisi “Abşeron Lions” üz-üzə gəliblər.

Bakı İdman Sarayında baş tutmuş qarşılaşma “bayquşlar”ın 105:72 hesablı qələbəsi ilə bitib. Mövsümün sonuncu oyunu xoşagəlməz hadisə ilə də yadda qalıb. Görüşün dördüncü periodunda “Abşeron Lions”un oyunçusu Ceylon Şou ciddi zədə alaraq meydanı xərəkdə tərk edib.

Xatırladaq ki, turun əvvəlki qarşılaşmalarında “Sərhədçi” “Sumqayıt”ı (93:89), “Ordu” “Lənkəran”ı (107:65), “Naxçıvan” “Quba”nı (103:96), “Gəncə” “Şəki”ni (84:73), “Neftçi” NTD-ni (93:83) məğlub etmişdi.

Beləliklə, reqlamentə əsasən müntəzəm çempionatı A qrupunda ilk üç sırada bitirmiş “Sabah”, “Abşeron Lions”, “Neftçi” və B qrupunun birincisi “Ordu” birbaşa pley-offa (1/4 final) vəsiqə qazanıblar.

1/8 final mərhələsində isə, “Naxçıvan” – “Sərhədçi”, “Gəncə” – “Lənkəran”, “Quba” – “Şəki”, “Sumqayıt” – NTD oyunları baş tutacaq. 1/8 final seriyalarında ən tez iki qələbə qazanmış komandalar 1/4 finala vəsiqə qazanacaqlar. Oyunlar aprel ayında start götürəcək.

Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

ABL-də müntəzəm mövsümün yekununda komandaların xal durumu belədir:

A qrupu: Sabah – 39. Abşeron Lions – 37. Neftçi – 30. Gəncə – 29. NTD – 23. Şəki – 22.

B qrupu: Ordu – 38. Naxçıvan – 36. Sərhədçi – 28. Sumqayıt – 27. Quba – 27. Lənkəran – 24.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
13
25
arena.az

10Mənbələr