AZ

Sona Quliyeva: “İkinci həyat” layihəsi köhnə xalçalara yeni həyat verir

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 31 mart, AZƏRTAC

“İkinci həyat” xalça ənənələrimizin qorunub saxlanılmasına və onların müasir dildə təqdim olunmasına kömək edir. Şəkil və xalçanın harmoniyası vasitəsilə biz Azərbaycan incəsənətinin yeni ölçüsünü kəşf edirik və bu, mədəniyyətimizi ölkənin sərhədlərindən kənarda təqdim etmək üçün əla yoldur.

Bu barədə “İkinci həyat” layihəsinin təsisçisi Sona Quliyeva AZƏRTAC-ın müxbiri ilə söhbətində danışıb. Layihənin “Azərbaycan xalçalarında bahar işıltıları” adlı sərgisi bu yaxınlarda Parisdə uğurla keçirilib. Tədbir Azərbaycanın Dostları Assosiasiyası tərəfindən “Arts Council Azerbaijan” ilə tərəfdaşlığı və Fransadakı səfirliyimizin dəstəyi ilə təşkil edilib.

Həmsöhbətimiz qeyd edib ki, bu hadisə mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsi kontekstində böyük əhəmiyyət kəsb edir.

“Fransa ictimaiyyəti üçün bu, yeni və qeyri-adi bir hadisədir: biz sadəcə xalça nümayiş etdirmirik, şəkillə xalçanın vahid şəkildə birləşdiyi bir harmoniya yaradırıq. Belə yanaşma insanlara Azərbaycan incəsənətinə fərqli perspektivdən baxmasına və mədəniyyətimizi təzə, müasir bir prizmadan dərk edilməsinə kömək edir. İnsanlar təəccüblənmiş və təsirlənmişdilər. Xalça onları öz tarixi ilə cəlb edir, şəkil təzə bir vurğu əlavə edir və birlikdə onlar valeh edən bir harmoniya yaradırlar”, - deyə S.Quliyeva vurğulayıb. Onun sözlərinə görə, “İkinci həyat” layihəsi təkrar emal (tullantıların yeni materiallar və məhsullar yaratmaq üçün ikinci dərəcəli xammala çevrilməsi prosesi) və ekologiya kontekstində də vacibdir.

“Layihə köhnə xalçalara yeni həyat verir. Biz materialı qoruyub saxlayırıq, ona bədii elementlər əlavə edirik, yeni və canlı bir şey yaradırıq. Bu, həm gözəldir, həm də ənənənin resurslara məsuliyyətli yanaşma ilə birləşdirilə biləcəyini göstərir”, - deyə layihənin təsisçisi sözünü yekunlaşdırıb.

Müəllif – Anara Axundova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
azertag.az

1Mənbələr