AZ

Sümükləri qorumaq istəyərkən böyrəkləri sıradan çıxarmayın: Həkim ideal dozanı açıqladı

"Bir çox insan payız və qış aylarında, eləcə də yazın əvvəlində orqanizmdə yaranan vitamin D çatışmazlığını aradan qaldırmaq üçün yüksək dozalara üz tutur. Amma, bəzi hallarda gündəlik 2000 və ya 4000 BV (beynəlxalq vahid) qəbul etməyin vacib olduğu barədə gəzən fikirlər həqiqəti əks etdirmir".

Həkim-endokrinoloq Nataliya Tananakina bildirib ki, böyüklər üçün profilaktik sutkalıq doza əslində 600–800 BV təşkil edir.

"Kalsium və fosforun mənimsənilməsində mühüm rol oynayan bu vitamin sümük toxumasının möhkəmliyi, immun sisteminin funksiyaları və iltihab əleyhinə proseslər üçün zəruridir. Günəş şüasının az olduğu dövrlərdə böyüklərdə vitamin D çatışmazlığı osteoporoz, əzələ zəifliyi, depressiya, həmçinin ürək-damar və onkoloji xəstəliklər riskini artırır."

Həkimin sözlərinə görə, əlavə qəbul yalnız qanda vitaminin səviyyəsi aşağı olduqda terapevtik effekt verir. Əgər göstərici normaldırsa (31–100 nq/ml), əlavə vitamin qəbulu faydasızdır. Ekspert vurğulayır ki, kəskin çatışmazlıq zamanı müalicəvi dozalar 2000–4000 BV-yə çata bilər, lakin bu mütləq həkim nəzarəti altında baş verməlidir.

"Vitamin D piydə həll olunduğu üçün onun artıq miqdarı sidiklə xaric olunmur, əksinə, piy toxuması və qaraciyərdə toplanır. Doza həddinin aşılması isə hiperkalsiemiyaya, yəni qanda kalsiumun səviyyəsinin hədsiz artmasına səbəb olur. Bu vəziyyət ürəkbulanma, qusma, qəbizlik və ürək ritminin pozulması kimi ağır fəsadlarla nəticələnə bilər. Daha ciddi hallarda kalsium böyrəklərdə, damarlarda və yumşaq toxumalarda çökərək böyrək çatışmazlığına yol açır".

Bu səbəbdən həkim profilaktik dozalara əməl etməyi və yüksək miqdarda qəbuldan qaçmağı tövsiyə edir.//Demokrat.az

Seçilən
44
musavat.com

1Mənbələr