AZ

BƏƏ Hörmüz boğazının açılmasında ABŞ-yə kömək etmək niyyətindədir

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hörmüz boğazının blokadadan çıxarılmasında Birləşmiş Ştatlara hərbi yardım göstərməyə hazırlıq görür ki, bu da həmin ölkəni İrana qarşı hərbi əməliyyatlara birbaşa cəlb olunan ilk Fars körfəzi dövlətinə çevirəcək.

"Far.Az" xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti yazıb.

Nəşrin məlumatına görə, Əbu-Dabi bu cür hərəkətlərə hüquqi əsas verəcək qətnamənin BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilməsinə çalışır. Bundan əlavə, BƏƏ-nin diplomatik nümayəndələri gəmilərin Hörmüz boğazından maneəsiz keçidini təmin etmək məqsədilə koalisiya yaratmaq təklifi ilə Avropa və Asiya dövlətlərinə müraciət edirlər.

Adı açıqlanmayan əmirlik rəsmisi bildirib ki, dövlət hazırda Əbu-Dabinin bu münaqişədə iştirakının formatını və konkret yollarını ətraflı şəkildə işləyib hazırlayır. Qəzet qeyd edib ki, Əmirliklərin bu qərarı ciddi risklərlə müşayiət olunur: İranla silahlı qarşıdurmaya cəlb olunma Yaxın Şərqdə hazırkı hərbi toqquşma başa çatdıqdan sonra belə yoxa çıxmayacaq uzunmüddətli gərginliyə səbəb ola bilər.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başladıb. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

İran rəhbərliyi, həmçinin ABŞ, İsrail və əməliyyata dəstək verən dövlətlərlə əlaqəsi olan gəmilər üçün Hörmüz boğazının bağlanması barədə qərar qəbul edib. Münaqişə zamanı Tehranın icazəsi olmadan boğazdan keçməyə cəhd edən bir neçə tanker hücuma məruz qalıb.

Seçilən
31
2
far.az

3Mənbələr