Britaniyanın dörd Vanguard sinifli nüvə başlığı daşıya bilən sualtı qayığından birinin komandiri hakim Leyborist Partiyasından olan İcmalar Palatasının (parlamentin aşağı palatası) üzvü Joanie Reid ilə əlaqələri səbəbindən istefa verib.
Musavat.com Financial Times (FT) qəzetinə istinadən xəbər verir ki, onun əri Çin kəşfiyyatına işləməkdə şübhəli bilinərək saxlanılıb.
Qəzetin məlumatına görə, Kral Dəniz Qüvvələri evli olduğu halda Reidlə romantik münasibətə başladığı iddia edilən adı açıqlanmayan komandirlə bağlı daxili araşdırmaya başlayıb.
İstintaq hərbçiyə qarşı mümkün şantaj riskini qiymətləndirmək üçün aparılıb. Qəzet vurğulayıb ki, Böyük Britaniya Müdafiə Nazirliyi heç bir "təhlükəsizlik pozuntusu" aşkar etməyən istintaqın nəticələrindən məmnundur.
Eyni zamanda, FT sualtı qayığın komandirinin şəxsi səbəblərdən istefa vermək qərarına gəldiyini bildirib. Qəzet əlavə edib ki, o, hələ də aktiv hərbi xidmətdədir. FT-nin məlumatına görə, hərbçi və Reid uzun illərdir bir-birini tanıyırlar.
Xatırladaq ki, martın 5-də Scotland Yard milli təhlükəsizlik qanunlarını pozmaqda, xüsusən də Çin kəşfiyyatına işləməkdə şübhəli bilinən üç nəfərin həbs olunduğunu elan edib. Onlardan biri Reidin əri, lobbiçilik firması olan Earthcott-un rəhbəri Devid Teylor idi. Bundan sonra millət vəkili araşdırma aparılana qədər Leyborist Partiyasının parlament qrupundan könüllü olaraq istefa verib. O, həmçinin "ərinin hər hansı bir qanunu pozduğuna şübhə yaradacaq heç bir şey müşahidə etmədiyini" vurğulayıb.
Bundan sonra Böyük Britaniya Daxili işlər nazirinin müavini Den Carvis Pekinin Böyük Britaniyanın daxili işlərinə müdaxilə etdiyi aşkar edilərsə, Çini "ciddi nəticələrlə" hədələyib.
Musavat.com