AZ

Qlobal ticarətin “dar keçidi“: Dünya ticarəti iflic ola bilər?

Moderator.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Yaxın Şərqdə onsuz da kövrək olan təhlükəsizlik mühiti yeni və daha riskli ssenarilərlə üz-üzədir. Qırmızı dəniz hövzəsində strateji boğazların taleyi ətrafında səslənən iddialar qlobal ticarət və enerji bazarlarında ciddi narahatlıq yaradıb. Dünyanın ən mühüm nəqliyyat xətlərindən birinin mümkün blokadası ilə bağlı açıqlamalar isə təkcə regionu deyil, beynəlxalq iqtisadi sistemi də potensial sarsıntılarla üzləşdirə bilər.

Moderator.az-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Yəməndə fəaliyyət göstərən husilərin Bab əl-Məndəb boğazını bağlamaqla bağlı səsləndirdiyi fikirlər daha çox siyasi və psixoloji təsir məqsədi daşıyır. 

Politoloqun sözlərinə görə, belə bir addımın baş verməsi ehtimalı nəzəri baxımdan müzakirə olunsa da, praktik müstəvidə bunun reallaşması son dərəcə mürəkkəb və risklidir:

"Adıçəkilən boğaz dünya ticarəti və enerji daşımaları üçün kritik əhəmiyyət kəsb edir və gündəlik olaraq böyük həcmdə neft və yük axını buradan keçir. Xüsusilə Yaxın Şərqdə davam edən gərginlik fonunda alternativ marşrutlara tələbatın artması bu keçidin strateji rolunu daha da gücləndirib. Belə bir nöqtənin bağlanması isə qlobal bazarlarda ciddi qiymət dalğalanmalarına, o cümlədən neftin kəskin bahalaşmasına səbəb ola bilər.

Hərbi və coğrafi reallıqlar belə bir blokadanın həyata keçirilməsini çətinləşdirir".

Rzayev qeyd etdi ki, Husilər indiyədək əsasən selektiv hücumlarla gəmiçiliyi risk altına sala biliblər, lakin bu, tam nəzarət anlamına gəlmir:

 "Davamlı blokada üçün isə yüksək səviyyəli hərbi resurslar, dəniz nəzarəti və hava üstünlüyü tələb olunur ki, bu da qeyri-dövlət aktorunun imkanlarını aşır.

Belə bir addımın atılması beynəlxalq miqyasda kəskin reaksiyaya səbəb olar. Çünki bu marşrutun bağlanması Avropa, Asiya və digər iri iqtisadi mərkəzlərin maraqlarına birbaşa zərbə vurur. Bu halda məsələnin qısa zamanda beynəlxalq təhlükəsizlik gündəliyinə daşınacağı və hərbi müdaxilə ehtimalının artacağı qaçılmaz görünür. ABŞ və onun müttəfiqlərinin artıq bölgədə mövcudluğu da uzunmüddətli blokadanı real etmir".

Ekspert region ölkələrinin mövqeyinə də diqqət çəkərək bildirdi ki, Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi dövlətlər üçün bu boğaz həyati əhəmiyyət daşıyır:

 "Xüsusilə Misir üçün bu məsələ birbaşa Süveyş kanalının fəaliyyəti və milli təhlükəsizliklə bağlıdır. Bu səbəbdən mümkün blokada cəhdi həmin ölkələrin sərt və koordinasiyalı cavabını şərtləndirə bilər. Husilərin özlərinin belə Yəmən daxilində tam nəzarət imkanlarının məhdud olması və uzunmüddətli qarşıdurmaya davam gətirmək potensialının zəifliyi də nəzərə alınmalıdır. Regionda daha böyük aktorlar belə strateji boğazların tam bağlanmasından çəkinir və bunun ağır nəticələrinin fərqindədir.

Husilərin vaxtaşırı hücumlarla gəmiçiliyə təsir göstərməsi, logistik zəncirlərdə gecikmələr yaratması və enerji bazarlarında qısamüddətli dalğalanmalara səbəb olması ehtimalı qalmaqdadır".

Pərvin Şəkirqızı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
9
moderator.az

10Mənbələr