AZ

Deputat resepti: hamı üçün uğur formulu

ain.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Günah tək sizdə deyil, həm də sizə ehtiram göstərənlərdədir

“Mən günahkaram ki, kimsə 300, 400, 500 manat maaş alır, mən, tutaq ki, filan qədər? Zəhmət çəkib oxuyaydın, ali təhsil alaydın, fərqlənəydin, işlədiyin idarədə müəssisədə yeni ideyalarla çıxış edəydin”.

Yuxarıdakı açıqlamanın müəllii deputat Səyyad Arana açıq məktub:

Hörmətli deputat!

Sizin məşhur “Mən günahkaram ki, kimsə 300-500 manat maaş alır?” sualınızla tanış olduq. Düzünü desəm, belə suallar insanı həm güldürür, həm də düşündürür. Daha çox güldürür, amma acı gülüşdür, desəm, yəqin ki, yanılmaram.

Açığını deyim ki, bəzi deputatların müsahibələrinə vaxt ayırmıram. Çünki insan eyni fikirləri dəfələrlə oxuyanda bir nöqtədən sonra ya səbir tükənir, ya da ümid. Amma sizin bu çıxışınız istisna oldu, demək ki, hələ də təəccüblənmək qabiliyyətimizi tam itirməmişik.

Hörmətli deputat!!

Siz deyirsiniz ki, oxuyaydılar, fərqlənəydilər, ideya verəydilər... Maraqlıdır, bu “resept” hamı üçün işləyirmi? Yəni sabahdan bütün vətəndaşlar ali təhsil alıb fərqlənsə, ölkədə fəhlə kim olacaq? Yoxsa artıq hamımız deputat olmağa hazırlaşmalıyıq?

“Hamı fərqlənsin” ideyası çox gözəldir. Amma bir şərtlə, fərqlənmək üçün əvvəlcə fərq qoyulmamalıdır. Nə demək istədiyimin aydın olduğuna ümid edirəm.

Hörmətli deputat!

Bəlkə sizə maraqlı olar, ölkədə çoxsaylı ali təhsilli işsiz var. Onlar da yəqin sizin tövsiyənizi yerinə yetirib oxuyublar. Sadəcə, görünür, kifayət qədər “fərqlənə” bilməyiblər. Bəlkə fərqlənmək üçün ayrıca kurslar da açmaq lazımdır?

Xaricə üz tutan gəncləri də unutmayaq. Onlar da, yəqin, “ideya çatışmazlığından” gedirlər, elə deyilmi?

Hörmətli deputat!

“Fərqlənmək” deyirsiniz. Açığını desəm, sizin kimi fərqlənmək istəməyənlərin sayı az deyil. Çünki bəzən fərqlənmək insanı ucaldır, bəzən isə... sadəcə fərqli şəkildə yadda qalmağa səbəb olur.

Və ən maraqlı məqam:

Siz seçicilərinizin səsləri ilə (yəqin ki, bunu iddia edirsiniz) seçilmisiniz. O seçicilər arasında maaşı 300-500 manat olanlar yoxdurmu? Yoxsa onlar hələ kifayət qədər “fərqlənmədikləri” üçün sayılmırlar? Yoxsa sizin seçicilərin hamısı ali təhsilli, fərqlənən insanlardır?

Hörmətli deputat!

“Mən günahkaram?” deyə soruşursunuz. Bu sualın cavabı çox sadədir: tək siz yox, amma siz də günahkarsınız.

Çünki problem təkcə aşağı maaşlar deyil. Problem odur ki, bu maaşlarla yaşayan insanların dərdi, bəzən onları təmsil etməli olanlar üçün sadəcə bir “mövzuya” çevrilir. Günah, sizdən başqa, həm də sizi görəndə “deputat gəlir” deyə hanısa ümidlə ayağa duran, qarşınıza qaçan, sizə hörmət göstərən, sizin dilinizlə desək, ali təhsili olmayan, fərqlənməyən insanlardadır.

Sizə fərqli hörmətlə,

Vüqar Abbasov

Niderland. Avropa Xəbər Agentliyinin (European News Agency) əməkdaşı.

[email protected]

Xüsusi olaraq AYNA.AZ üçün

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
ayna.az

1Mənbələr