AZ

İsveç nəşrində Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mühüm rolu vurğulanıb

İsveçin “Agenda Nexus” analitik portalı dəyişən qlobal vəziyyət fonunda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın artan rolu haqqında məqalə dərc edib.

AZƏRTAC xəbər verir ki, məqalədə qlobal enerji bazarlarında hökm sürən qeyri-sabitlik və əsas təchizat marşrutları üçün risklər fonunda Avropanın getdikcə daha çox alternativ mənbələr və marşrutlar axtardığı qeyd olunur. Bu kontekstdə Azərbaycanın enerji təchizatçısı və tranzit qovşağı kimi əhəmiyyəti artır.

Materialda Prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin balanslı xarici siyasət yürütdüyü və İsraillə sıx strateji münasibətlər qurduğu, eyni zamanda Avropa və ABŞ ilə tərəfdaşlığını dərinləşdirdiyi vurğulanır. Bu, Azərbaycana mürəkkəb geosiyasi mühitdə sabit mövqe tutmağa imkan verir.

Müəllif yazır: “İlham Əliyevin liderliyi praqmatik diplomatiyanı, strateji düşüncəni və getdikcə nadir hala gələn ideoloji sərhədlərdən kənarda effektiv hərəkət etmək qabiliyyətini özündə birləşdirir”.

Diqqətə çatdırılıb ki, Azərbaycan artıq Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz tədarük edir və eyni zamanda elektrik enerjisi, yaşıl enerji və hidrogen sektorlarında infrastrukturu inkişaf etdirir. Coğrafi mövqeyi və Xəzər dənizinin ehtiyatları onun uzunmüddətli tərəfdaş kimi rolunu artırır.

Türkiyə vasitəsilə Xəzər regionu ilə Avropa arasında potensial quru yolu kimi qəbul edilən Zəngəzur dəhlizinə xüsusi diqqət yetirilir. Bu layihə nəqliyyat və enerji əlaqələrini genişləndirə və qeyri-sabit marşrutlardan asılılığı azalda bilər.

Məqalənin sonunda müəllif belə bir qənaətə gəlir ki, dəyişən beynəlxalq vəziyyət kontekstində alternativ marşrutların inkişafı və yeni tərəfdaşlarla əməkdaşlıq Avropanın enerji dayanıqlılığı məsələsində əsas amilə çevrilir.

Seçilən
17
4
azerbaijan-news.az

5Mənbələr