AZ

Bayram günlərində 5 minə yaxın sığorta hadisəsi qeydə alınıb

Bayram günlərində (20-30 mart) Bakı da daxil olmaqla respublikamızın bir çox bölgəsində istər bayram şənlikləri və tətil səyahətləri zamanı, istərsə də respublika ərazisində qeydə alınmış normadan artıq yağışlar nəticəsində müxtəlif səpkili sığorta hadisələri qeydə alınıb.

"APA-Econmics" xəbər verir ki, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasından bildirilib.

Qeyd edilib ki, bu günə olan son dəqiq məlumatlara görə, 20-30 mart 2026-cı il tarixlərdə baş vermiş sığorta hadisələri ilə bağlı 8 qeyri-həyat sığorta şirkətinə ümumilikdə 4576 sığortalı müraciəti daxil olub. Bu müraciətlərin 3636-sı icbari avtosığorta (Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası), 651-i “Kasko” (“Avtonəqliyyat vasitələrinin sığortası”) sığorta növü, 210-u “Daşınmaz əmlakın icbari sığortası” növü, 80-i isə “Əmlakın yanğından və digər risklərdən sığortası” növü üzrə baş vermiş sığorta hadisələri ilə bağlı olub.

Qiymətləndirilmiş 4045 sığorta hadisəsi üzrə ehtimal olunan zərər məbləği 6 milyon 57 min 25 manat həcmində müəyyənləşdirilib. Qalan 531 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi davam edir.

Bildirilib ki, sığorta şirkətlərinə daxil olmuş müraciətlər üzrə hadisələrin 77 %-i paytaxt Bakıda, 23 %-i isə respublikamızın digər bölgələrində (xüsusilə Şimal bölgəsində) qeydə alınıb.

"Hazırda daxil olmuş bütün müraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta tənzimlənməsinin həyata keçirilməsi nəzərdə tutulur. Bütün hadisələr üzrə qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra ümumi zərər məbləği həcminin 10 milyon manata yaxın olacağı ehtimal edilir"- ASA əlavə edib.

Seçilən
2
18
apa.az

8Mənbələr