AZ

Azərbaycan İnvestisiya Holdinqinə yeni səlahiyyətlər verildi

Azərbaycan İnvestisiya Holdinqinə (AİH) dağ-mədən və metallurgiya sənayesinin inkişafı istiqamətində əlavə səlahiyyətlər həvalə edilib.

NOCOMMENT.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, sənayenin “xammal–emal–son məhsul” zənciri üzrə genişləndirilməsi, yeni istehsal güclərinin yaradılması və sənaye infrastrukturunun qurulması prosesində Holdinqin rolu artırılıb.

Sərəncamda qeyd edilir ki, AİH tərəfindən hazırlanmış texniki-iqtisadi əsaslandırma əsasında kalsinasiya və anodbişirmə zavodunun tikintisi həyata keçiriləcək. Layihənin maliyyələşmə mənbələri Holdinq tərəfindən müəyyən olunacaq və aidiyyəti dövlət qurumları ilə birgə icrası təmin ediləcək.

Bundan əlavə, AİH metallurgiya sahəsində dövlət layihələrinin koordinasiyası, maliyyələşməsi və icra mexanizmlərinin hazırlanmasında da iştirak edəcək. Sərəncama görə, Holdinq “Azəralüminium” MMC-nin istehsal gücünün artırılması ilə bağlı planlaşdırılan iri layihələrin maliyyə və idarəetmə proseslərinə də cəlb edilir.

Yeni səlahiyyətlər Azərbaycan İnvestisiya Holdinqinin ölkənin metallurgiya və dağ-mədən sənayesinin modernləşdirilməsi, həmçinin ixrac imkanlarının genişləndirilməsi sahəsində daha fəal rol oynayacağını göstərir.

Seçilən
39
nocomment.az

1Mənbələr