Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının qrup toplantısında çıxış edərək Yaxın Şərqdə davam edən müharibə, regional risklər, Türkiyənin mövqeyi və yeni texnologiyalarla bağlı mühüm açıqlamalar verib.
NOCOMMENT.az xəbər verir ki, Ərdoğan bildirib ki, enerji, nəqliyyat və infrastruktur obyektlərinin hədəf alınması regionda daxili münaqişələrə səbəb olur və bu müharibə bütün bəşəriyyət üçün iqtisadi yük yaradır.
O qeyd edib ki, baş verənlərə görə ilk növbədə İsrail məsuliyyət daşıyır və müharibənin genişlənməsi qlobal sülh üçün ciddi təhlükə yaradır.
Türkiyə lideri vurğulayıb ki, rəsmi Ankara qan tökülməsinin dayandırılması, silahların susdurulması və problemlərin diplomatik yolla həllinin tərəfdarıdır. Onun sözlərinə görə, Türkiyə bu prosesi balanslı və rasional şəkildə idarə edir və regionda sülhün bərqərar olması üçün çalışır.
Ərdoğan çıxışında Türkiyədə yeni texnoloji mərhələnin başladığını da açıqlayıb. O bildirib ki, Türkiyə artıq 4.5G-dən 10 dəfə daha sürətli olan 5G texnologiyasının tətbiqinə başlayıb və bu texnologiya yaxın 2 il ərzində ölkənin bütün ərazisini əhatə edəcək.
Prezident çıxışında daxili siyasətə də toxunaraq müxalif CHP-ni sərt tənqid edib və Türkiyənin qlobal gücə çevrilməsi üçün fəaliyyətlərini davam etdirəcəklərini bildirib.
Ərdoğan sonda qeyd edib ki, Türkiyənin əsas məqsədi regionda sülhün təmin olunması, qan tökülməsinin qarşısının alınması və ölkənin təhlükəsizliyinin qorunmasıdır.
Sara
NOCOMMENT.az