AZ

"Ölkədə elə alimlər var, görsəniz, gülərsiniz" - Nofəl Şahlaroğlu ilə müsahibə

Bu gün 1 aprel – Ümumdünya gülüş günüdür.

Lent.az-ın müsahibi filologiya elmləri üzrə fəlsəfə doktoru, parodiyaları və yumoru ilə seçilən aktyor Nofəl Şahlaroğludur.

- Nofəl bəy, çoxları sizi təkcə aktyor kimi tanıyır, amma həm də filologiya elmləri üzrə fəlsəfə doktorusunuz. Ona görə, sualıma dillə başlamaq istəyirəm. Dilimizdə yeni sözlər yaranır, sizcə, nə qədər uğurludur bunlar?

- Hər söz digər dilin qanunauyğunluqlarına oturmaya bilər. Lakin sözü birinci təfəkkürə yerləşdirmək lazımdır. Psixolinqvistika (psixologiya və linqvistikanın (dilçiliyin) vəhdətindən yaranmış elm sahəsi - red.) anlayışı var. Sözü düşünəndə nəzərə almaq lazımdır ki, bu hansı xalqın dilinə gətirilir. Təyyarə sözünü dildən çıxarmaq bizə nə verir? Yaxud da vertalyot əvəzinə helikopter demək nəyə lazımdır? Hər dəfə yeni bir qərar verilir, neologizm gəlir, 5-6 il sonra dəyişirlər. Başa düşürəm, Azərbaycan dili digər dillərlə müqayisədə o qədər də zəngin deyil. Amma sən gətirdiyin sözü yenidən niyə dəyişirsən? Belə qərarlar verəndə çox təəssüflənirəm.

- Bəzi sözlər də var ki, özümüz yaratmışıq, hansısa dildən gəlmə deyil. Məsələn, ipəzor, geyçim, geyərgə və sair.

- Geyçim sözü əladır (gülür). Bunların səslənməsi uyğun deyil heç. Sözləri seçərkən bu şeylərdə ehtiyatlı olmaq lazımdır. Hələ geyərgə sözü var... Geyərgə nədir? Bundan da eybəcərləri var, yadımda qalmayıb.

Azərbaycan dilini o qədər məişətdə istifadə etmirik ki, birdən kimsə istifadə edəndə təəccüblənirik. Bununla bağlı ictimai qınaq olmalıdır. Məsələn, kimsə sürücüyə "astanovkada saxla" deyəndə saxlamamalıdır. Ta ki, dayanacaq deyənə qədər.

- Lütfi Zadə deyəndə ağlımıza qeyri-səlis məntiq nəzəriyyəsi gəlir. Yusif Məmmədəliyev deyəndə yüksək oktanlı benzin. Amma nə qədər alimimiz var ki, adları çəkiləndə ağlımıza heç nə gəlmir...

- Biz burada alimin rolunun kiçik olmasından yox, onun təbliğatının zəif olmasından danışmalıyıq. Öz piarımızı çox zəif aparırıq. Çe Qevara deyəndə bütün dünya tanıyır, amma Cənubi Azərbaycanlı Firudin İbrahimov Çe Qevaradan da üstün olub. Problem kütlədədir ki, onun reklamını düzgün aparmayıb. Mənə görə, Asəf Zeynallı Motsart səviyyəsində bəstəkardır. Motsartı bütün bəşəriyyət tanıyır. Amma yaxşı ki, kollec var, yoxsa Asəf Zeynallını kimsə tanımazdı. Üzeyir Hacıbəyov Şopen səviyyədə bəstəkardır. O boyda bir şəxsiyyəti yetərincə tanımırlar. Adam böyük ictimai-siyasi xadim olub. Problem bizdədir.

O ki qaldı bəzi alimlərə... Mən də aliməm, amma ortastatistik alimlərlə müqayisədə özümü alim hesab etmirəm. Bu təvazökarlıq deyil, statistikadır. Amma ölkədə elə alimlər var ki, görsəniz, gülərsiz. Bəlli üsullarla necəsə müdafiə edib, boşluğa düşüb. Adamlar da var ki, diplom xətrində edib.

- O müdafiə niyə bu qədər asandır?

- Əslində, hazırda asan deyil. İndi çox çətindir. Elə sahə var ki, orada müdafiə etmək çətindir. Məsələn, riyaziyyat, kimya, fizika - dəqiq elmlər. Amma humanitar elmlərdə nisbətən asandır. Guya universiteti bitirən hamı aktyor, rejissor olur?

- Amma alimlik yetərincə ciddi bir məsələdir. İnsan ömrünün yarısını sərf etməlidir bunun üçün...

- Əlbəttə, çox çətindir. Adam var ki, hər şeyi texniki edir. Elmi sevmək lazımdır. Dünyada zooloqlar var ki, gedib günlərlə meşələrdə qalırlar. İnanmıram, bizdə kimsə gedib belə etsin. Biz daha çox nəzəriyyəyə meylliyik. Özü də pis nəzəriyyəçiyik. Elə bilirik ki, hər şey danışmaqdır.

- Əvvəl "YouTube" kanalınız var idi. Müzakirələr edirdiniz.

-O kanal indi də var, lakin ayrı adam işlədir. İndi başqa bir verilişim var, artıq 4 seriya çəkilib. Eyni konsepsiyadır. Amma tənqid bir az yumşaqdır. Biz sərtliyi sevmirik. İnsanlar deyir ki, ağıl öyrətmə, bizlə məzələn, zarafat et, amma ağıllanaq.

- 30-a yaxın filmə çəkilmisiz...

- Elə filmlərdə oynamışam ki, hərdən utanıram... Onların 3-4-ü yararlıdır. Qalanları insanlara nə verir? Onu deyə bilmərəm.

- Bəzi çox məşhur sənətkarlarımız var ki, hazırda çox zəif seriallara çəkilirlər. Məsələn, Rasim Balayev (Müsahibə alınanda Rasim Balayev vəfat etməmişdi - red.), Səidə Quliyeva, Nurəddin Mehdixanlı və sair. Adam inana bilmir ki, "Nəsimi"yə, "Babək"ə çəkilən sənətkar o seriala necə çəkilir? Nədən irəli gəlir bu?

- Sən əgər sənətkarlığı o serialda da göstərirsənsə, burada heç nə yoxdur. Burada məsələ maddi resursdur, sənətkarın maddi qayğılarıdır. Bəzən də məsələ heç maliyyə olmur. Adam sadəcə çəkilmək istəyir. Çox istisna halda olur ki, sənətkar desin, yox, min il ac qalsam da, o cür şeylərə çəkilmərəm. Elə filmə təklif gəlib ki, demişəm, qardaş, bu nədir? Film deyil axı bu...Utanmırsan bu dramatuji materiala görə adama zəng edirsən? Elə adamlar mənə zəng elədilər, bir film adı çəkdilər, adı belə biabırçı idi. Sonra öyrəndim ki, o adam məndən sonra Fuad Poladova zəng edib. Fuad Poladov filmin adını eşidən kimi telefonu bağlayıb. Sən utanırsan? O filmə görə Fuad Poladova zəng edirsən? Bu qədər də yox da. Nofəli qoyuram bir kənara. Bəs onlar? Vəziyyəti o yerə gətiriblər ki, təsadüfi adamlar özünü sənətkarlarla bir tutur.

- Bu yaxınlarda bəzi verilişlər bağlandı. Səbəb ora çıxan bəzi müğənnilər və aparıcılar oldu.

- Səbəb 40 faiz müğənnilər idi, 60 faiz isə aparıcılar. Mövzular bayağı idi. Mən veriliş aparım və orada 3-4 səviyyəsiz və bayağı müğənni otursun, siz o effekti görməzsiz. Çünki orada Nofəl var, Rahib Azər var, Saleh var, İlqar Mikayıloğlu var. Yoxsa aparıcı deyir ki, sənin şalvarın neçəyədir? Hələ ekranı qoyuruq bir kənara, gündəlik həyatda belə bunu soruşmaq etik deyil. Nəyinə lazımdır kimin paltarı neçəyədir? Deyir, köynəyi almışam 980 manata... Halbuki sənin 98 qram ağlın yoxdur. Adamlar o qədər boşdurlar ki, öz boşluqlarını maddiyatla doldurmağa çalışırlar. Sənəti yoxdur, amma bahalı paltarı, maşını var.

Adam tanıyıram ki, "iPhone" işlədir, amma evdə yeməyə çörəyi yoxdur. Bu 3000 manatlıq telefonu neynirsən evdə yeməyə çörəyin yoxdursa? Hər şeyin varsa, istəyirsən "iPhone 97" işlət. Mənim o qədər pulum olsa belə, yenə işlətmərəm. O məndə nəyi dəyişəcək? Elə alimlərimiz var, qışda universitetə pencəklə gedir, paltosu yoxdur. Amma o qədər uşağa dərs deyib, nələrsə öyrədib ki. Ona görə, onları çox zəngin hesab edirəm.

- Əvvəl parodiyalarınız olurdu. Hətta çox məşhurlaşmışdı. İndi niyə etmirsiz?

- Artıq onun dövrü deyil. Parodiya aktuallığını itirib. 19-20 il əvvəl edirdim. Amma indi 43 yaşında çıxıb kimisə təqlid edim, bunun yeri yoxdur. Təqlidə bizdə çox primitiv baxırlar. Həm də çox suyunu çıxarıblar bunun. "Stand-up" deyir hamı, amma o adda bir janr yoxdur. "Stand-up" nədir? Bu, konfransdır, auditoriya ilə söhbət edirsən. Bu sənət nümunəsi deyil. 43 yaşımda durub camaata xatirə danışım... Yox, bu, qaldı 2001-də.Türkiyədə Hasan Can Kaya var, onun etdiyi nədir? Yumor deyil o.

Bəzi cütlük blogerlər var, çıxıb o qədər bayağı şeylər çəkirlər. Həyat yoldaşı ayaqyolunda oturur, bu girir içəri, çörək yeyir. O videolarda kişini ediblər ləyaqətsiz, alçaq, səviyyəsiz - kişiyə aid bütün pis xüsusiyyətləri verirlər. Yaxud da qadınları elə edirlər. Bu nə qədər bayağı, səviyyəsiz bir şeydir? Son dövrlər onu başa düşdüm ki, sənin ötürəcəyin yaxşı şey heç kimə lazım deyil. Bəzən onlara baxıb utanıram. İstəsəm belə onları edə bilmərəm. Bu qədərmi ucuzam?

- Bir az da stereotiplərdən danışaq. Cəmiyyətdə hansı stereotiplər qırılmalıdır?

- Hər şeyin kökünə baxmaq lazımdı - haradan qaynaqlandığına. Cəmiyyətdə nə qədər ki kimlərinsə fikrinə görə yaşayan olacaq... Biz məzmunu qoyub formaya qaçırıq. Atam rəhmətə gedəndə bir nəfər dedi, Nofəl, filankəs gəlmədi yasa. Dedim, o adamın gəlməməyi mənim atamı itirməyimin yanında nə qədər böyük problemdir? Hələ bunu həll edə bilməmişik. Biz təhsil verəndə ilkin astronomik bilikləri versək, bəsdir. Öyrədirik ki, Saturnun səthi bu cürdür, amma onun mənim gələcəkdəki qayınatamla söhbətimə heç bir təsiri olmayacaq. İnsan və cəmiyyət məsələsini öyrətməliyik. Yaponiya dünyada ən inkişaf etmiş ölkədir, elə şeylər yaradırlar ki. Bəs sən niyə edə bilmirsən? Sənin əxlaqınmı, dininmi çatmır? İslam dünyanın ən gözəl dinidir. Bəs necə olur onlar islami dəyərləri daha yaxşı yaşayırlar?

- Necə olur bu?

- Orada təhsil sistemi var. Onlar öncə cəmiyyətə vətəndaş yetişdirirlər. Sovet sistemində bu var idi. Bu, müəyyən bir perioddan sonra qırıldı.

- Niyə qırıldı?

- Bilmirəm. İnsani münasibətlər bir az baş cürdür burada. Almaniyada nəsil dəyişib, amma insan həmin insandır. Amma bizdə elə deyil.

- Böyüklərdən ən çox eşitdiyimiz ifadələrdən biri budur ki, Sovet dövündə bu cür şeylər yox idi, bizim vaxtımzıda belə deyildi. O dövrdə nə var idi ki, indi yoxdur?

- O ifadəni mən də işlədirəm. Sovet dövründə texnologiya belə yox idi. Bəzən bir şeyin inkişaf eləməsi, başqa bir şeyin kökünü kəsir. İnternet dönəmində insanlarla danışmaq, əlaqə yaratmaq çox asandır. Sovet dövründə çoxunun evində telefon yox idi. Danışırdılar ki, filan saatda, filan yerdə görüşürük. Vəssalam. Heç kim də gecikmirdi. Kitaba sevgi təhsildən də irəli gəlirdi, valideyn də deyirdi, hər yerdə kitab var idi. İndi kitab evlərdə dekorativdir. Bir dəfə kitabxanaya getdim, orada işləyən qadın təəccübləndi. Elə bildi, yoxlamayam. İnsanlar düşünür ki, 6 manat muzeyə verəcəyimə gedib bilyard oynayaram.

Vaqif Mustafayev bizim çatışmayan xüsusiyyətlərimizi sənətdə çox yaxşı verib.

- Amma çox filmində zarafat edib bizimlə...

- Bəli. Vaqif müəllim çox yaxşı tanıyır bizi. Ümumiyyətlə, Vaqif Mustafayev çox ağıllı insandır.

Seçilən
23
1
kulis.az

2Mənbələr