AZ

ABŞ kəşfiyyatının hesabatı və Azərbaycanın seçimi...

Birləşmiş Ştatlar İslamabadı “riskli ölkələr” siyahısına saldı; ekspert deyir ki, Pakistan hədəfdirsə, növbədə Türkiyə var...

Pakistan ilk dəfə olaraq Rusiya, Çin, İran və Şimali Koreya ilə yanaşı ABŞ-yə nüvə təhdidli olan ölkələr siyahısına daxil edilib. Musavat.com “Vzqlyad” nəşrinə istinadən xəbər verir ki, kəşfiyyatın hazırladığı sənədə görə, Pakistan raket texnologiyalarını sürətlə inkişaf etdirdiyinə və potensial olaraq qısa müddətdə ABŞ ərazisinə çata biləcək imkanlara malik olması səbəbindən Vaşinqtonda ciddi narahatlıq yaradıb. Bu səbəbdən İslamabad ilk dəfə olaraq belə bir hesabatda ciddi strateji təhlükə kimi qeyd olunub.

Azərbaycan üçün Pakistan yalnız diplomatik tərəfdaş deyil, həm də açıq şəkildə dəstək verən strateji müttəfiqlərdən biridir. Bu baxımdan, İslamabadın Vaşinqton tərəfindən “riskli ölkələr” sırasına daxil edilməsi Bakının balans siyasətini daha həssas edir.

Qeyd edək ki, Azərbaycan-Pakistan hərbi tərəfdaşlığı Türkiyə ilə birlikdə üçtərəfli formatda da inkişaf edir. Bu əməkdaşlıq regionda təhlükəsizlik və sabitliyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Aydın

Aydın Mirzəzadə

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə “Yeni Müsavat”da Pakistanın belə bir siyahıda adının yer almasına təəssüfləndiyini dilə gətirdi: “Hesab etmirəm ki, bu "qara siyahı"dır. Sadəcə olaraq, Amerika nüvə silahına malik olan ölkələri diqqətdə saxlayır. Haradasa, hansısa məqamda onu özünə bir təhdid kimi görür. Amma görünən ondan ibarətdir ki, Pakistan heç bir zaman Birləşmiş Ştatlarla, Qərb dünyası ilə düşmən mövqeyində olmayıb. Hakimiyyətlər dəyişib, fərqli insanlar Pakistanı idarə ediblər, amma bu dövlət  daim təmkinli, düşünülmüş şəkildə həm öz milli maraqlarını, həm də dünyanın təhlükəsizliyini nəzərdə tutan bir siyasət yürüdüb. Bu baxımdan ABŞ-nin həm hakimiyyəti, həm də siyasi dairələri bilməlidir ki, Pakistandan heç bir zaman onlara təhlükə olmayacaq. Bu ölkə dostuna dostdur, düşmənlərə isə həmişə təmkinlə, problemi sakitcə həll etdirməyin tərəfdarı olub. Azərbaycan Pakistanla dostluğu yüksək qiymətləndirir. Torpaqlarımız işğalda olduğu zamanlarda İslamabadın bizə hərtərəfli dəstək verdiyini heç zaman unutmuruq. Bu həm də dost, qardaş ölkənin münasibətinin bir sübutudur. Eyni zamanda Azərbaycan da Pakistanın milli maraqlarına hər zaman hörmətlə yanaşan, daim istənilən situasiyada qardaşının yanında dayanan bir ölkə olduğunu dəfələrlə sübut edib. Hesab edirəm ki, qardaş ölkənin adının o siyahıya düşməsi sadəcə texniki bir məsələdir. Baxmayaraq ki, deyilənə görə, Pakistan nüvə silahına sahibdir, heç bir zaman bu silahla heç bir dövləti təhdid etməyib. Apardığı xarici siyasətdə nüvə silahından təzyiq vasitəsi kimi heç vaxt istifadə etməyib. Bunun özü də düşünürəm ki, Pakistanın böyüklüyünün, onun apardığı xarici siyasətin dünya üçün nə qədər əhəmiyyətli olduğunun bir göstəricisidir.

Sona

Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyevanın fikrincə, Pakistanın Birləşmiş Ştatlar tərəfindən qara siyahıya salınması həzm olunacaq məsələ deyil: “Pakistanın hədəfə alınması o deməkdir ki, bundan sonrakı hədəf Türkiyə olacaq. Bir sözlə, ABŞ-nin əsas hədəflərindən biri də İslam dünyasını tamamilə tərk-silah etməkdir. Hazırda ABŞ diplomatiyasının reallaşdıra bilmədiyi bir sıra məsələləri də Pakistan diplomatiyası reallaşdırır. Müharibənin gedişi ilə paralel olaraq İranla danışıqlarda əsas vasitəçilərdən biri kimi çıxış edirlər. Pakistanın hədəfə alınması Birləşmiş Ştatlardan daha çox İsrailin hədəfidir. Çünki Hindistan İsrailin müttəfiqidir. Görünür, Hindistanın baş naziri Modi həmkarı Netanyahu ilə birlikdə olarkən belə bir xahiş edib. İrandan sonra Pakistanın hədəfə götürülməsi istənilən halda, regiondakı düyünləri daha çözülməz edəcək. Bu, üçüncü dünya müharibəsinə bənzər bir savaş olacaq. Görünən odur ki, ABŞ-İsrail koalisiyası da məhz buna çalışır. İstənilən halda düşünürəm ki, vəziyyət ciddiləşərsə, Azərbaycan və Türkiyə birgə addımlar atacaq, vəziyyətin daha da dərinləşməsinə imkan verməyəcək. Pakistan diplomatiyası İran qədər "mənasız qürur" ritorikasından istifadə etməyəcək".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

 

Seçilən
42
musavat.com

1Mənbələr