AZ

Arıçılıq üçün ciddi təhlükə

Gənənin yayılması ölkədə ciddi risk yaradır və arıçılıq sahəsində kollapsa səbəb ola bilər

Özbəkistandan Azərbaycana gənələrlə yoluxmuş arıların gətirilməsi arıçılıq sahəsi üçün ciddi risk yaradır. Arıçılar Assosiasiyasının prezidenti Bədrəddin Həsrətovun “Trend”ə verdiyi məlumata görə, ölkəyə idxal edilən arı ailələrinin Tropilaelaps gənəsi ilə yoluxduğu müəyyən edilib. Bu parazit beynəlxalq ticarət zamanı arı ailələri, paket arılar və ana arılar vasitəsilə digər ölkələrə asanlıqla yayıla bilir. Bu gənələr arı sürfələri ilə qidalanır. Nəticədə zəif və deformasiyalı arılar yaranır, viruslar yayılır, arı ailəsi sürətlə zəifləyərək məhv olur.

Sabir

Sabir Mustafayev

Azərbaycan Arıçılar Assosiasiyasının İdarə Heyətinin sədr müavini, arıçı Sabir Mustafayev mövzu ilə bağlı “Yeni Müsavat”a bildirib ki, bu məsələ ümumilikdə arıçılar və assosiasiyanın narahatlığıdır. O qeyd edib ki, Tropilaelaps gənəsi artıq Azərbaycana gəlib: “Əvvəllər bu gənə ölkədə çox nadir hallarda müşahidə olunurdu. Bu parazit əsasən tropik ölkələrdə yayıldığı üçün "tropi gənə" adlanır və regiona, o cümlədən Özbəkistan vasitəsilə yayılıb. Özbəkistan keçmiş sovet ölkələri arasında paket arıçılıqla məşğul olan əsas ölkələrdən biridir. Onlar əsas gəliri baldan yox, arı ailələri yetişdirib satmaqdan əldə edirlər. Uzun illər bu arıları Rusiyaya ixrac ediblər. Lakin 2023-cü ildən etibarən Rusiya bu idxaldan imtina edib. Səbəb isə Tropilaelaps gənəsinin Özbəkistandan Rusiyaya keçməsi və orada ciddi problemlər yaratması olub. Nəticədə Rusiya bu arılardan imtina edib.

Rusiya bazarı bağlandıqdan sonra Özbəkistan yeni bazar axtarışına çıxıb və Azərbaycana yönəlib. Assosiasiya dəfələrlə xəbərdarlıq edib ki, bu arılarda Tropilaelaps yoluxması riski yüksəkdir. Çünki bu gənə Azərbaycanda yeni olduğundan arıçılar onunla mübarizə üsullarını yaxşı bilmirlər".

Sabir Mustafayev bildirib ki, artıq əvvəlki dövrlərdə də bəzi yoluxma halları qeydə alınıb və nəticədə arı ailələri məhv olub. Onun fikrincə, bu gənə Özbəkistandan Rusiyaya, oradan isə müxtəlif yollarla Azərbaycana yayılıb. O vurğulayıb ki, əsas problem ondadır ki, Özbəkistan arıçıları bu gənə ilə mübarizəyə alışıb, lakin Azərbaycan arıçıları bu sahədə təcrübəsizdir:  “Bu səbəbdən gənənin yayılması ölkədə ciddi risk yaradır və arıçılıq sahəsində kollapsa səbəb ola bilər. İdxal olunan arılar tam şəkildə yoxlanılmayıb və ciddi nəzarət aparılmayıb. Əgər yoxlama yalnız kiçik bir hissəni əhatə edirsə, bu, bütün ölkə üçün risk yaradır. Üstəlik, söhbət tək bir yük maşınından yox, ümumilikdə on minlərlə arı ailəsinin gətirilməsindən gedir”.

O əlavə edib ki, gətirilən arıların zəif olduğu və bu barədə sosial şəbəkələrdə paylaşımlar yayıldığı da bildirilir. Bu isə vəziyyəti daha da riskli edir.

Ekspertin sözlərinə görə, Azərbaycanda arıçıların yalnız kiçik bir hissəsi, təxminən 10%-i bu gənə ilə mübarizə üsullarını bilir, əksəriyyət isə məlumatsızdır. Üstəlik, bu arıların bir hissəsinin təcrübəsi olmayan şəxslərə paylanması planlaşdırılır ki, bu da riski daha da artırır: “Azərbaycanda kifayət qədər yerli arı ailələri mövcuddur və xaricdən arı gətirməyə ciddi ehtiyac yoxdur. Arı ölümləri olsa da, bu, idxalı əsaslandırmaq üçün yetərli deyil. Əgər bu proses davam edərsə, ölkədə Tropilaelaps gənəsinin geniş yayılması mümkündür və bu, arıçılıq sahəsində kütləvi itkilərə səbəb ola bilər. Hətta 2-3 il ərzində sahənin ciddi zərər görəcəyi ehtimal olunur. Problemin qarşısını almağın əsas yolu Özbəkistandan arı idxalını dayandırmaq və gətirilən arıları ciddi karantində saxlamaqdır. Arılar yaşayış məntəqələrindən uzaq ərazilərdə saxlanılmalı, tam yoxlanıldıqdan sonra istifadəyə buraxılmalıdır. Yoxlanılmadan birbaşa ölkəyə gətirilib yayılması isə ciddi risk yaradır. Arıları gətirib İsmayıllı yolunun kənarında yerləşdirmək düzgün deyil. Çünki həmin ərazidə və ətraf bölgələrdə çoxlu arı təsərrüfatları var”.

Soya

Rəcəb Orucov

Naxçıvan MR-in keçmiş kənd təsərrüfatı naziri, aqrar sahə üzrə ekspert Rəcəb Orucov “Yeni Müsavat”a bildirib ki, istər bitki, istərsə də heyvan mənşəli bütün materiallar ölkəyə gətirilərkən ilk növbədə karantin yoxlamasından keçir. O qeyd edib ki, hazırda dəqiq və rəsmi məlumatlar olmadan məsələ ilə bağlı qəti fikir söyləmək doğru deyil: “Çünki bu sahəyə cavabdeh dövlət qurumlarının öz fəaliyyət mexanizmləri var və onlar vəziyyəti araşdırırlar. Azərbaycana gətirilən arı ailələrinin sayı çox deyil. Ümumiyyətlə, ölkədə yerli arı populyasiyaları mövcuddur və onlar təbii şəraitə yaxşı uyğunlaşıb. Məsələn, ”İran cinsi" kimi tanınan arılar (Naxçıvan populyasiyası) xırda olur və yerli bitkilərdən nektar toplamaqda effektivdir. Həmçinin Qonur Qafqaz arısı da şimal və şimal-qərb bölgələrində geniş yayılıb və məhsuldarlığı ilə seçilir".

Rəcəb Orucov vurğulayıb ki, arılar təbiət üçün çox vacibdir. Onlar bitkilərin tozlanmasında əsas rol oynayır və kənd təsərrüfatında məhsuldarlığın artmasına ciddi təsir göstərir. Arıların azalması ekosistem üçün böyük təhlükə yarada bilər.

Bununla belə, o, konkret olaraq idxal edilən arıların xəstəlik yayması ilə bağlı dəqiq fikir bildirməyin çətin olduğunu deyib: “Son dövrlərdə müxtəlif bölgələrdə arı ölümlərinin artması müşahidə olunur və bu fakt arıçılar tərəfindən də təsdiqlənir. Lakin bunun səbəbinin xaricdən gətirilən arılar, yoxsa yerli amillər olduğu hələ araşdırılmalıdır. Əsas məsələ profilaktik tədbirlərin gücləndirilməsidir. Xaricdən gətirilən arı ailələri mütləq ciddi karantin və baytarlıq yoxlamasından keçməlidir. Əgər hər hansı xəstəlik və ya zərərverici aşkarlanarsa, onların ölkəyə daxil olmasının qarşısı alınmalıdır”.

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

Seçilən
31
4
musavat.com

5Mənbələr