AZ

Qayda bilməz, cəza çəkməz! Əlibala Məhərrəmzadənin Qubadakı qanunsuz tikintiləri – Araşdırma/Reportaj

Reportaja bir millət vəkilinin qanunların aliliyinə hörmət və riayət etməli olduğu və bu üslubun onun təmsil etdiyi statusun şanına və etibarına yaraşan bir şərafət olmasını xatırladaraq başlamaq istəyirəm. Xalqın nümayəndəlik orqanı, ali qanunverici orqanının hər bir üzvünün bilik və bacarığı, idrak və iradəsi, onların hər birinin qanunlara olan davranış və yanaşma forması da ən azı o məclisin fəaliyyətindəki faydalılığı qədər önəmli və danılmazdır. Bir mollanın qeyri-əxlaqi əməli nə qədər ikrah hissi doğurursa, bir millət vəkilinin də qanunlara məhəl qoymaması elə o qədər ürək diksindirən bir əməldir. Milli Məclisdə qanunların aliliyini təmsil edən bir deputatın özünün ilk növbədə bu qanunlara məhəl qoyub riayət etməsi labüd və qaçılmazdır. Söhbət Milli Məclisin deputatı olan Əlibala Məhərrəmzadə və onun mənsub olduğu seçki dairəsindəki qanunsuz tikililərdən gedir.

Ötən ilin mart ayında Quba şəhəri Nəriman Nərimanov küçəsi 75 ünvanında “Aqua Park” və onun ətrafında, həmin mərkəzin olduğu inzibati binanın yaxınlığında tikilən gördüyünüz bu qanunsuz obyektlər barədə bəhs etmişdik. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin bütün tikinti tələblərinin pozulduğu bu tikililər ehtiyat fondu təyinatlı torpaqlarda aparılır. Həm də müvafiq icra hakimiyyəti orqanlarının razılığı və icazəsi alınmadan. Tikinti işlərinin dayandırılması barədə düz üç dəfə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 27 oktyabr 2023-cü il tarixli, 30 yanvar 2025-ci il tarixli və 19 noyabr 2025-ci il tarixli qərarları olmasına baxmayaraq, ərazidəki sözügedən tikililərin inşaatı bir gün də olsa saxlanılmayıb.

Dəfələrlə tikinti işlərinin dayandırılması üçün FHN tərəfindən sifarişçi “A Ənd J Holding” MMC-yə rəsmi xəbərdarlıq edilib. Sözügedən MMC isə Milli Məclisin deputatı Əlibala Məhərrəmzadəyə məxsusdur. Daha doğrusu, onun qardaşına! Sonuncu parlament seçkilərindən əvvəl Əlibala Məhərrəmzadə illərlə mülkiyyətində olan həmin MMC-nin rəhbərliyini öz qardaşına həvalə edib. Bu prosedurun da seçki ərəfəsində Azərbaycan Respublikasının Konstitusiyası və konkret olaraq millət vəkilinin statusu haqqında qanunun müvafiq tələblərinin qorunması üçün formal olaraq edildiyi də heç kəsə sirr deyil. Yəni dəyişən yalnız sənəd üzərindəki adlardır.

Sözügedən qanunsuz tikililər barədə hüquq-mühafizə orqanlarına da rəsmi müraciət edilib. Dövlət qurumlarının bütün hüquqi tədbirlərinə baxmayaraq, qanunlara məhəl qoymayan Əlibala Məhərrəmzadə və onun mənəvi mülkiyyətində olan sözügedən şirkət tikinti prosesini davam etdirib. Artıq inşa edilən iaşə obyektlərinin dam örtüyü quraşdırılır. Yəni işlər tamamlanma mərhələsindədir.

Deputat Əlibala Məhərrəmzadəyə məxsus olduğu iddia edilən növbəti qanunsuz tikili isə Quba şəhərinin 30–32-ci məhəlləsində peyda olub. Bəli, peyda olub. Çünki hündür daş hasarların daxilində gizli formada aparılan konstruksiya və formasına görə restoran olduğu güman edilən tikililərin dam örtüyü quraşdırılmağa başlayanda ərazidəki inşaat hər kəsə məlum olub. Nə tikinti işləri barədə hər hansı bir dövlət qurumunun rəsmi icazəsi var, nə də məlumatı. Vüqar Paşayev adlı şəxsin direktoru olduğu “Şaving İnşaat” MMC tərəfindən həyata keçirilən bu ərazidəki tikinti işləri də artıq yekunlaşmaq üzrədir.
Yeri gəlmişkən, həmin qanunsuz inşa edilən tikintilərin qarşısındakı gördüyünüz bu iaşə obyektinin də elə Əlibala Məhərrəmzadəyə məxsus olduğu iddia edilir. Bu obyektin də hər hansı bir qanuni sənədi yoxdur. Obyekt kafe kimi fəaliyyət göstərsə də, onun fəaliyyəti üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilməli olan fəaliyyət icazəsi yoxdur.

Deputat Əlibala Məhərrəmzadənin mənəvi mülkiyyətində olan “A Ənd J Holding” MMC-nin Quba şəhəri ərazisində özbaşınalıq etdiyi digər bir məkan isə şəhərin Əziz Əliyev küçəsində yerləşir. Həmin küçədə deputata məxsus olan “Şahdağ” hotelə bitişik yol və səkilər qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına olaraq zəbt edilib və orada qanunsuz tikinti-quraşdırma işləri aparılıb. Ümumi istifadədə olan həmin ərazilər zəbt edildiyi üçün ərazidəki yollarda və yolayrıclarında piyadaların və nəqliyyatın hərəkəti mümkünsüz hal alıb.

Millət vəkili mandatı xalqa və millətə xidmət etməyin bəlkə də ən səmərəli fürsəti və imkanıdır. Nəsib olan bu imkanı seçicilərin könlündə bir rahatlıq və məmnunluq yaratmaq üçün səfərbər edib, yaddaşlarda yaxşı bir iz qoymaq, həm də dövlətin yükünü azaltmaq lazım idi. Əlibala Məhərrəmzadənin də izi qalacaq. Seçki dairəsinin hər bucağında qanunsuz tikinti aparıb dövlətin qanunlarını tapdalayan fürsətçi millət vəkili kimi.

Həm də xüsusi olaraq “Şəhərsalma və Memarlıq İli”ndə.

Seçilən
186
2
7times.az

3Mənbələr