AZ

Gürcüstanda köhnə avtomobillər üçün aksiz vergisi artırılıb

Gürcüstan parlamenti ölkəyə idxal edilən minik avtomobilləri üçün gömrük rəsmiləşdirilməsi rüsumlarının yenidən nəzərdən keçirilməsini və 6 ildən çox yaşı olan avtomobillər üçün aksiz vergisinin artırılmasını nəzərdə tutan qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

 FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki,  layihə 72 deputatın lehinə, 11 nəfərin isə əleyhinə səs verməsi ilə təsdiqlənib.

Qanunvericiliyə dəyişikliklər hakim "Gürcü Arzusu" fraksiyasının deputatları tərəfindən irəli sürülüb.

Yeni qaydalara əsasən, 0-6 yaş arası minik avtomobilləri üçün aksiz vergisi mühərrik həcminin hər 1 sm³-i üçün 1,5 lari, 6 ildən yuxarı avtomobillər üçün isə 4,5 lari müəyyən edilib.

Dəyişikliklərə əsasən, əvvəlki aksiz dərəcələrini müəyyən edən bölmə ləğv olunur və onun yerinə baza dərəcəsi və xüsusi halları tənzimləyən yeni mexanizm tətbiq edilir. Hibrid avtomobillər üçün 60 faiz güzəşt saxlanılır, sağ sükanlı nəqliyyat vasitələri üçün isə baza dərəcəsindən üç dəfə yüksək vergi tətbiq ediləcək. Sağ sükanlı elektrik avtomobilləri üçün aksiz dərəcəsi 3000 lari müəyyən olunub.

Qanunun keçid müddəalarına görə, 2 aprel 2026-cı il tarixindən əvvəl idxal edilmiş və ya idxal məqsədilə daşınmasına başlanılmış nəqliyyat vasitələri əvvəlki aksiz dərəcələri ilə rəsmiləşdiriləcək. Quru nəqliyyatı ilə daşınan və ya öz hərəkəti ilə gətirilən avtomobillər üçün bu güzəşt yalnız 1 iyul 2026-cı ilədək ölkəyə daxil olduqları halda qüvvədə olacaq. (Report)

Seçilən
18
3
fed.az

4Mənbələr