AZ

Paytaxtda ev almaq istəyənlərə MÜHÜM XƏBƏR: Yaxın aylarda qiymətlər BELƏ OLACAQ

Son dövrlərdə daşınmaz əmlak bazarında müşahidə olunan canlanma, köhnə və qəzalı binaların sökülməsi, eləcə də yeni tikinti layihələrinin artması ev qiymətlərinin gələcək dinamikasını yenidən gündəmə gətirib. Paytaxtda aparılan genişmiqyaslı yenidənqurma işləri və kompensasiya mexanizmləri bazarda həm təklifə, həm də tələbə ciddi təsir göstərir. Bəs bütün bu proseslər fonunda yaxın aylarda ev qiymətlərində artım, azalma, yoxsa sabitlik gözlənilir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən əmlak eksperti Elnur Azadov bildirib ki, hazırda ölkədə köhnəlmiş yaşayış fondu kifayət qədər genişdir. Onun sözlərinə görə, təxminən 1100 bina riskli kimi qeydə alınıb və bunlardan 180-ə yaxını yaşayış üçün birbaşa təhlükə yaradır.

Elnur

Ekspert qeyd edib ki, artıq bu istiqamətdə xüsusi komissiya yaradılıb və riskli binaların taleyi ilə bağlı mərhələli qərarlar verilir:

“Hansı binaların dövlət hesabına sökülməsi, hansının daha riskli olması və prioritetlərin müəyyənləşdirilməsi istiqamətində işlər gedir. Keçən ilin yay aylarında köhnəlmiş binaların sökülməsi və bərpası üçün dövlət tərəfindən maliyyə vəsaiti də ayrılıb. Artıq bəzi binalar üzrə söküntü ilə bağlı razılıq əldə olunub.”

Elnur Azadovun sözlərinə görə, Bakının müxtəlif ərazilərində, o cümlədən Üzeyir Hacıbəyov küçəsi və Nərimanov prospekti ətrafında genişmiqyaslı söküntü və köçürülmə prosesi həyata keçirilir.

“Həmçinin şəhərin mərkəzinə yaxın ərazilərdə park və infrastruktur layihələri ilə əlaqədar çoxsaylı yaşayış evləri sökülür.
Kompensasiya məbləği orta hesabla 2700 manat təşkil edir və bu da bazarda müəyyən hərəkətliliyə səbəb olur. Söküntülər və yenidənqurma layihələri nəticəsində bazara yeni tikinti şirkətləri daxil olur və bu da ümumi aktivliyi artırır.

Bazarda artıq canlanma müşahidə olunur. Tikinti şirkətlərinin bazara çıxışı və artan tələb fonunda yaxın aylarda qiymətlərin tədricən yüksələcəyi gözlənilir. Ümumilikdə isə 1 il ərzində qiymət artımı bazardakı ümumi vəziyyətdən və təklif-tələb balansından asılı olacaq,” – deyə ekspert vurğulayıb.

Beləliklə, mövcud tendensiyalar göstərir ki, yaxın dövrdə daşınmaz əmlak bazarında sabitlikdən çox artım meyilləri üstünlük təşkil edə bilər.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
36
1
konkret.az

2Mənbələr