AZ

“Ekran müddətini təyin etmək üçün sadə bir yanaşma var: 3 yaşlı uşaq gün ərzində ümumilikdə 30 dəqiqə, 5 yaşlı uşaq isə 50 dəqiqə...”

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Yeni aparılan bir araşdırmaya əsasən, ABŞ-da 3-5 yaş arası 60 uşağın MRT müayinələri göstərib ki, ekran qarşısında uzun müddət vaxt keçirən uşaqlarda beynin ağ maddəsində xüsusilə miyelin səviyyəsində azalma müşahidə olunur. Miyelin neyronların aksonlarını əhatə edən və sinir siqnallarının ötürülməsini dəstəkləyən vacib bir maddədir. Sunshine Coast Universitetinin professoru Mayk Nagel qeyd edir ki, hətta gündəlik 2 saat ekran istifadəsi belə uşaqların dil inkişafına və ümumi beyin funksiyalarına mənfi təsir göstərə bilər.Ekran asılılığının qarşısını almaq üçün uşaqlar üçün ideal ekran vaxtı nə qədər olmalıdır?

“Neuro Academy” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Nuriyyə Quliyeva Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, uşaq ekran qarşısında çox vaxt keçirərsə, müəyyən fizioloji dəyişikliklər və digər mənfi fəsadlar da müşahidə oluna bilər: “Əlbəttə ki, texnologiyanın faydaları olduğu kimi, zərərləri də kifayət qədər çoxdur. Xüsusilə düzgün istifadə edilmədikdə və müddətə nəzarət olunmadıqda, bu təsirlər hər yaşda insan üçün zərərli ola bilər. Amma daha çox azyaşlılar, məktəblilər və yeniyetmələr üçün ciddi risk yaratdığına görə onları bu təsirlərdən qorumaq vacibdir.

Ekran müddətini təyin etmək üçün sadə bir yanaşma var: uşağın yaşını 10 dəqiqəyə vurmaq. Məsələn, 3 yaşlı uşaq gün ərzində ümumilikdə 30 dəqiqə, 5 yaşlı uşaq isə 50 dəqiqə ekran qarşısında vaxt keçirə bilər. Bu prinsipə əsasən, yeniyetmələr üçün də gündəlik ekran istifadəsi maksimum 2 saatı keçməməlidir. 3 yaşdan aşağı uşaqlarla bağlı isə xüsusilə vurğulanmalı məqam 2 yaşa qədər olan dövrdür. Bu yaşda uşaqlara ümumiyyətlə ekran verilməməsi tövsiyə olunur. Hətta mümkün olarsa, bu məhdudiyyət 3 yaşa qədər davam etdirilməlidir. Çünki uşağın beyninin ən aktiv inkişaf dövrü məhz ilk 3 il ərzində baş verir. Ünsiyyət, sosiallaşma və ümumi inkişafın bütün sahələri bu dövrdə sürətlə formalaşır.

Əgər bu mərhələdə uşaq ekran qarşısında çox vaxt keçirərsə, bir sıra mənfi təsirlər ortaya çıxa bilər: nitqin gecikməsi, ünsiyyət bacarıqlarının zəifləməsi, diqqət və yaddaşın azalması, təfəkkür və məntiqin zəifləməsi. Bundan əlavə, müəyyən fizioloji dəyişikliklər və digər mənfi fəsadlar da müşahidə oluna bilər.

Ümumilikdə, daha sağlam inkişaf üçün uşaqların, xüsusilə 3 yaşa qədər olanların telefon və televiziyadan mümkün qədər uzaq saxlanılması tövsiyə olunur.

Həmçinin biz yalnız müddətə deyil, məzmuna da diqqət yetirməliyik. Əgər aqressiya, şiddət, qorxulu səhnələr, uşağın yaşına uyğun olmayan cinsi məzmun və hətta bəzi dini mövzular varsa, bunlar azyaşlı uşaqlar üçün ağır və zərərli ola bilər. Buna görə də valideynlər bu məqamları diqqətlə nəzarətdə saxlamalıdır.

Bütün bunların qarşısını almaq üçün uşaqları texnologiya ilə mümkün qədər gec tanış etmək daha məqsədəuyğundur. Amma müasir dövrdə uşaqları texnologiyadan tam məhrum etmək nə mümkündür, nə də düzgün yanaşmadır. Sadəcə, azyaşlı dövrdə bu məsələ daha çox valideynin nəzarətində olur. Çünki 1-3 yaşlı uşaqlar qərar verməkdə valideyn dəstəyinə daha çox ehtiyac duyurlar.

Məktəbli dövründə isə vəziyyət bir qədər çətinləşir. Uşağın dostları və sinif yoldaşları telefon istifadə etdikdə, oyunlar haqqında danışdıqda, o da istər-istəməz bu təsirə məruz qalır. Bu səbəbdən məktəb yaşında uşağı tam təcrid etmək mümkün olmur. Hətta sosial mühitlərdə, məsələn, ad günü və digər yığıncaqlarda digər uşaqların əlində telefon gördükdə, özünü kənarda qalmış kimi hiss edə bilər.

Bu baxımdan müəyyən qədər icazə vermək lazım gəlir. Lakin əsas məsələ sərhədlərin və qaydaların düzgün müəyyən edilməsidir. Məsələn, belə qaydalar qoyula bilər: süfrə arxasında, yataq otağında, dərs oxuyarkən və ya digər vacib fəaliyyətlər zamanı telefondan istifadə edilməməlidir.

Əgər bu qaydalar uşaqla əvvəlcədən razılaşdırılarsa və valideynlər bu mövzuda sabit və qətiyyətli olarsa, uşaq zamanla bunu qəbul edəcək. Bəzən narazılıq göstərsə də, valideynlərin mövqeyinin dəyişmədiyini və ailə üzvlərinin də eyni fikirdə olduğunu gördükdə, bu qaydalara uyğunlaşacaq”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
54
50
bizimyol.info

10Mənbələr