AZ

Naxçıvanda qədim sənət yaşadılır Hüseyn ustanın başmaqçı dükanı FOTO VİDEO

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Naxçıvan, 1 aprel, AZƏRTAC

Qədim tarixə malik başmaqçılıq yalnız bir sənət növü deyil, həm də xalqımızın zəngin mədəni irsinin ayrılmaz hissəsidir. Dərinin kəsilərək hazır hala gətirilməsi, tikiş üsulları və formanın verilməsi kimi mərhələlər xüsusi bacarıq, səbir və təcrübə tələb edir. Bu mənada, başmaqçı ustalar yalnız ayaqqabı hazırlamır, həm də hər bir nümunədə öz yaradıcılıq dünyasını əks etdirirlər. Belə sənətkarlardan biri də Naxçıvan şəhərinin Xətai məhəlləsində, el arasında “Köhnə bazar” kimi tanınan ərazidə fəaliyyət göstərən Hüseyn Mahmudovdur.

AZƏRTAC-ın bölgə müxbiri gənc usta ilə görüşüb, başmaqçılığın incəlikləri, mövcud vəziyyəti və gələcəyi barədə söhbət edib.

Zamanın ləngidiyi emalatxana

Naxçıvanın qədim sənət ənənələrini araşdırmaq üçün yolumuzu “Köhnə bazar”dan salırıq. Bazarın səs-küylü, qaynar mühitində bir emalatxana dərhal diqqəti çəkir. Burada zaman sanki bir qədər ləng gedir. Dərinin spesifik qoxusu, alətlərin ritmik səsi və ustanın diqqətli baxışları bu məkanı fərqli bir dünyaya çevirir. Bu kiçik məkanda illərin təcrübəsinə malik Hüseyn Mahmudov çalışır.

Usta bizi gülərüzlə qarşılayır. Əlləri işdə olsa da, söhbətə həvəslə qoşulur. Deyir ki, başmaqçılıq onun həyatına uşaqlıq illərindən daxil olub: “Altıncı-yeddinci siniflərdə oxuyanda artıq bu sənətlə maraqlanırdım. O dövrdə atam başmaq materialları — yapışqan, altlıq və digər ləvazimatlar satırdı. Mən də onunla bərabər ustaların yanına gedib-gəlirdim. Marağımı hiss edən atam məni sənəti öyrənməyə yönləndirdi. Allah ona rəhmət eləsin, bu peşəni onun sayəsində öyrəndim. Bu gün də işimi sevərək görürəm. Mənim üçün başmaqçılıq sadəcə sənət deyil, həyat tərzidir. Emalatxanaya hansı saatda gəlib, nə vaxt çıxdığımın fərqində belə olmuram”.

“Mənim üçün ən böyük qazanc insanları sevindirməkdir”

Emalatxanada hər bir iş əl əməyinə əsaslanır. Hüseyn usta zavod istehsalı ilə fərdi iş arasındakı fərqi belə izah edir: “Zavodda bir ayaqqabı onlarla insanın əlindən keçir, gündə yüzlərlə məhsul hazırlanır. Bizdə isə yanaşma fərqlidir. Bir cüt ayaqqabının üzərində iki-üç gün işləyirik. Çünki əsas məqsədimiz kəmiyyət yox, keyfiyyətdir. Dəri kəsilir, tikilir, qəlibə salınır və sonda forma verilir. Müştəri hər bir mərhələni öz gözləri ilə görə bilir”.

Başmaqçılığın ən önəmli tərəfi fərdi yanaşmadır. Hüseyn usta qeyd edir ki, bəzi insanlar üçün hazır ayaqqabı tapmaq ciddi problemdir. “Bir neçə il öncə emalatxanaya bir gənc gəlmişdi. Ayağındakı problem səbəbindən standart ayaqqabılar ona uyğun gəlmirdi. Ayağı 42 ölçü olsa da, rahatlıq üçün 47 ölçülü ayaqqabı axtarırdı. Biz onun üçün elə bir model hazırladıq ki, həm ölçüsü tam uyğun gəldi, həm də çox rahat oldu. Onun ovaxtkı sevincini unuda bilmirəm. Mənim üçün ən böyük qazanc insanları sevindirməkdir”, - deyə o qeyd edir.

“Tək qalmışam, amma ümidliyəm”

Gənc usta bu xatirəni danışarkən gülümsəsə də, qəlbində bir narahatlıq da var. O, təəssüflə bildirir ki, bu qədim sənət yox olmaq təhlükəsi ilə üz-üzədir: “Vaxtilə burada 6-7 usta var idi, indi demək olar ki, tək qalmışam. Çalışıram ki, qardaşımı da öyrədim, təki sənət yaşasın. İnsanlarda maraq azalsa da, inanıram ki, başmaqçılıq tamamilə yox olmayacaq”.

Söhbətimiz davam etdikcə emalatxanaya gələn müştərilərin ardı-arası kəsilmir. Kimisi sifariş verir, kimisi hazır nümunələri nəzərdən keçirir. Bu mənzərə göstərir ki, “Köhnə bazar”ın bu kiçik emalatxanasında təkcə ayaqqabı tikilmir, həm də keçmiş qorunur, ənənə gələcəyə daşınır. İnanırıq ki, Hüseyn ustanın əllərində bu qədim sənət hələ uzun illər yaşayacaq.

Müxbir - Nail Əsgərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
azertag.az

1Mənbələr