AZ

Yağışların intensivliyinin artması nə ilə bağlıdır?

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 1 aprel, AZƏRTAC

Son bir neçə ildir Azərbaycanda mütəmadi olaraq müşahidə edilən intensiv yağışlar iqlim dəyişikliyinin ölkəmizdə yaratdığı mənfi təsirlərdəndir. Belə ki, iqlim dəyişikliyi səbəbi ilə son 10 ildə ölkə ərazisində intensiv yağan yağışlarda 6, daşqınların sayında isə 18 dəfə artım müşahidə edilir. Azərbaycanda 2024-cü ildə dərc olunmuş Milli Adaptasiya Planının göstəricilərinə əsasən, intensiv yağışlar və daşqınlarla bərabər, yay aylarında istilik dalğaları, güclü küləklər və quraqlıq dövrlərinin sayı artmaqda davam edəcək.

Bunu AZƏRTAC-a açıqlamasında ətraf mühit hüququ və siyasəti üzrə ekspert Sadiqə Mehdiyeva deyib.

Onun sözlərinə görə, bu təsirlər ölkənin müxtəlif bölgələrində fərqli formalarda və intensivlikdə təzahür edir: “Məsələn, tarixən küləkli ərazi olan Abşeron yarımadasında iqlim dəyişikliyi səbəbi ilə güclü küləklərlə bərabər intensiv yağışların və isti dalğaları olan günlərin sayı da sürətlə artmağa doğru gedir. İlk baxışdan belə təəssürat yarana bilər ki, intensiv yağışlar əlavə resursdur. Bu cür yağışların idarə edilməsi üzrə müasir mexanizmlər tikililərin bu təsirlərə davamlılığının artırılması üzrə sürətli tədbirlərin görüldüyü urban ərazilərdə, həqiqətən də, yağış sularını əlavə resurs kimi istifadə etmək mümkündür. Lakin nəzərə almaq lazımdır ki, iqlim dəyişir və hətta kifayət qədər maliyyə ayrıldığı halda belə, dünya ölkələri sürətlə dəyişən təsirlərə eyni dərəcədə adaptasiya etməkdə çətinlik çəkir. İqlim dəyişikliyinin Azərbaycana təsiri danılmazdır və təəssüf ki, bu hal artır”.

Sadiqə Mehdiyeva bildirib ki, ilkin olaraq, istər yerli səviyyədə, istərsə də beynəlxalq iqlim danışıqları zamanı Azərbaycanın adaptasiya ehtiyaclarının mitiqasiya tədbirlərinə nisbətən daha önə çəkilməsinə ehtiyac var: “Azərbaycanın iqlim dəyişikliyini sürətləndirən istixana effekti qazlarının qlobal həcmində iştirak payı cəmi 0,1 faizdir. Faktiki olaraq, ölkəmiz yaratmadığı və sürətləndirmədiyi təsirdən qeyri-proporsional şəkildə əziyyət çəkir. Bu səbəbdən əsas səylər 0,1 faiz effektinin daha da azaldılmasından öncə sosial və iqtisadi sahələri bu dəyişikliyə uyğunlaşdırmağa (adaptasiya) sərf edilməlidir. Həmçinin ölkənin adaptasiya ehtiyacları sənaye və iqtisadiyyat sahələri üzrə strateji planlama və tənzimləmə sənədlərində nəzərə alınmalıdır. Digər vacib bir məqam iqlim dəyişikliyinin təsirlərinin qanunvericilikdə yalnız təbiət hadisəsi, təbii fəlakət kimi yox, məhz uyğunlaşılmalı olan və gözlənilən təsir kimi qeyd edilməsidir. Nəzərə almaq lazımdır ki, təbiət hadisələrindən fərqli olaraq iqlim dəyişikliyi spontan baş vermir və onun təsir tendensiyasını proqnozlaşdırmaq mümkündür. Bu cür ətraflı hüquqi yanaşma vətəndaşlarımıza öz əmlaklarını hüquqi cəhətdən dəqiq ifadə edilmiş risklərdən sığorta etməyə və itkiləri qarşılamağa imkan verəcək. Bu cür yanaşma, həmçinin zəruri kompensasiyaların ödənməsi zamanı dövlətin üzərinə düşən maliyyə yükünü də azaltmış olacaq”.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakı və Abşeron yarımadasında indiyədək qeydə alınmış rekord yağıntı göstəriciləri ilə müqayisədə cari ilin mart ayında müşahidə edilən yağıntılar əhəmiyyətli dərəcədə yüksək olub.

Müxbir - Günel Türksoy

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
2
azertag.az

3Mənbələr