AZ

3 yaşdan təhsil ideyası müzakirə YARATDI Uşağa qarşı haqsızlıqdır

ain.az, Olke.az portalına istinadən məlumat yayır.

Əməkdar müəllim Almaz Əsgərova təklif edib ki, uşaqlar 3 yaşından etibarən təhsilə başlasın. Onun sözlərinə görə, 3 yaşdan başlayan təhsil, ilk növbədə, bağça problemini həll edə bilər, əzbərlətmək təhsil deyil.

Maraqlıdır, 3 yaşdan təhsil ideyası nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı Ölkə.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, hazırda üç yaşdan etibarən uşaqların təhsilə başlaması mövcuddur.

Onun sözlərinə görə, məktəbəqədər hazırlıq istiqamətində uşaqlar üç yaşdan etibarən prosesə cəlb olunurlar:

"Lakin konkret olaraq üç yaşdan uşaqların birbaşa məktəbə getməsi yanaşmasını düzgün hesab etmirik. Çünki dünyanın heç bir ölkəsində üç yaşlı uşaqlar birinci sinfə qəbul edilmir və ya məktəbə hazırlıq qruplarına yönləndirilmirlər.

Dünyanın bir çox ölkəsində uşaqlara erkən yaşda təhsil alma imkanı verilir, lakin əsasən bu, bağça təhsili, yəni məktəbəqədər təhsil formasında olur. Bu mərhələdə uşaqlar həm valideynlərindən tam ayrılmır, həm də üzərlərində ağır dərs yükü hiss etmirlər. Buna görə də üç yaşdan uşaqların birbaşa məktəbə göndərilməsi yanaşmasını düzgün hesab etmirəm.

Hazırda ölkəmizdə bağça istiqamətində uşaqların qeydiyyata alınması və məktəbəqədər təhsilə cəlb olunması istiqamətində işlər görülür. Bu çərçivədə dövlət-özəl tərəfdaşlığı həyata keçirilir, yeni bağçalar tikilərək istifadəyə verilir. Məqsəd məktəbəqədər yaşa çatacaq uşaqların mümkün qədər çoxunun bu prosesə cəlb olunmasını təmin etməkdir.

Təsadüfi deyil ki, bu yaxınlarda Azərbaycan örnək ölkə kimi təqdim olunub. Artıq 92%-ə qədər əhatəlilik təmin edilib və bu göstəricinin 100%-ə yaxınlaşdırılması, hətta tam əhatə olunması istiqamətində də işlər davam etdirilir.

Üç yaşdan sonra uşaqlar üçün məktəbə hazırlıq mərhələsi mövcuddur. Xüsusilə beş yaşı tamam olmuş uşaqlar məktəbə hazırlıq dövründə məktəblə tanış olur, auditoriya mühitini görür, gələcək sinif yoldaşlarını və müəllimlərini tanıyır. Bu da onların təhsil həyatında mühüm rol oynayır.

Son dövrlərdə məktəbə hazırlıq qrupları “sıfırıncı sinif” kimi də qəbul olunur və bu, artıq 12 illik təhsil sisteminin formalaşmasına zəmin yaradıb. Yəni beş yaşlı uşaqların sıfırıncı sinifə qəbulu və daha sonra 11 il təhsil alması nəticəsində ümumilikdə 12 illik məktəb sistemi formalaşıb. Bu da şagirdlərin ümumi təhsil göstəricilərinə müsbət təsir göstərir və gələcəkdə də göstərəcək.

Bununla belə, üç yaşdan uşağın birbaşa birinci sinfə başlaması və ya məktəbə hazırlıq qruplarına yönləndirilməsi uşağa qarşı haqsızlıqdır, onun uşaqlığını əlindən almaq kimi qiymətləndirilir".

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
olke.az

2Mənbələr