AZ

66 nəfər vəkilliyə namizəd seçildi- 6-sı keçmiş hakimdir

Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub. Bu barədə Musavat.com-a Azərbaycan Vəkillər Kollegiyasından məlumat verilib. Məlumatda bildirilir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul üzrə ixtisas imtahanının yazılı test mərhələsini uğurla keçən və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin I hissəsinə uyğun olaraq əvvəllər hakim (intizam qaydasında vəkillik və ya hakimlik fəaliyyətinə xitam verilmiş şəxslər, həmçinin Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilən qiymətləndirmə nəticəsində səlahiyyətləri uzadılmamış hakimlər istisna olmaqla) işləyən namizədlərin peşə yararlılığının qiymətləndirilməsi məqsədilə 14 yanvar – 18 mart 2026-ci il tarixlərində ixtisas imtahanının şifahi müsahibə mərhələləri keçirilib. Müsahibələr tam şəffaf və obyektiv qaydada, videomüşahidə şəraitində təşkil olunub. Şifahi mərhələdə ümumilikdə 90 vəkilliyə namizəd iştirak edib.
İmtahanların nəticələrinə görə, Vəkillərin İxtisas Komissiyası tərəfindən peşə yararlılığına dair rəyini alan 66 nəfər (6 keçmiş hakim) vəkilliyə namizəd icbari təlim mərhələsinə buraxılıb.
Vəkilliyə namizədlərin icbari təlimi aprelin 6-da Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında başlanacaq.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov ixtisas imtahanında uğur qazanan namizədləri təbrik edib və bildirib ki, imtahanın obyektiv, ədalətli və şəffaf şəkildə keçirilməsi üçün bütün zəruri şərait təmin olunub: “Ölkədə vəkillik peşəsinə maraq çox yüksəkdir və bunu əsas uğurlarımızdan biri hesab edirəm”.

Etibar Seyidağa,
Musavat.com

Seçilən
6
4
musavat.com

5Mənbələr