Bakı, 2 aprel, AZƏRTAC
Süni intellekt ABŞ-də ümumi əməkhaqqı fondu təxminən 1,2 trilyon dollar olan əmək bazarının 11,7 faizədək hissəsini əvəz edə bilər. Massaçusets Texnologiya İnstitutunun (MIT) tədqiqatçıları ABŞ-ın Ok-Ric Milli Laboratoriyası (ORNL) ilə birgə hazırladıqları “Iceberg Index” modelləşdirmə platforması əsasında apardıqları təhlilin nəticələrinə əsasən bu qənaətə gəliblər.
AZƏRTAC “CNBC” telekanalına istinadən xəbər verir ki, tədqiqatda “Iceberg Index” platformasının ABŞ üzrə təxminən 151 milyon işçinin qarşılıqlı fəaliyyətini imitasiya etməyə imkan verən alət olduğu qeyd olunur. Platforma həmçinin süni intellekt texnologiyalarının və dövlət siyasətinin əmək bazarına təsirini qiymətləndirməyə imkan yaradır.
Model dəqiq proqnozlaşdırma aləti kimi deyil, müxtəlif ssenarilərin təhlili üçün nəzərdə tutulmuş eksperimental mühit kimi nəzərdən keçirilir.
Platforma ölkə üzrə 3 min dairə çərçivəsində 923 peşə üzrə paylanmış 32 mindən artıq bacarığı təhlil edir və onları müasir süni intellekt sistemlərinin imkanları ilə müqayisə edir. Bu yanaşma texnologiyaların hazırkı inkişaf mərhələsində hansı tapşırıqların artıq avtomatlaşdırıla biləcəyini müəyyənləşdirməyə şərait yaradır.
Tədqiqatın nəticələrinə görə, kadrların idarə olunması, logistika, maliyyə və inzibati fəaliyyət sahələrində rutin funksiyalar ən çox təsirə məruz qalır. Eyni zamanda, informasiya texnologiyaları və hesablama peşələri də daxil olmaqla texnoloji sektor ümumi əməkhaqqı fondunun təxminən 2,2 faizini, yəni 211 milyard dollara yaxın hissəsini təşkil edir.
Müəlliflər vurğulayırlar ki, bu alət iş yerlərinin ixtisarının vaxtını və ya dəqiq miqyasını müəyyən etmək üçün nəzərdə tutulmayıb. Onun əsas məqsədi süni intellektin tətbiqinin mümkün nəticələrinin qiymətləndirilməsi, eləcə də əmək bazarının uyğunlaşma strategiyalarının hazırlanması üçün analitik əsas təqdim etməkdir.
“Iceberg Index” layihəsi çərçivəsində ABŞ-ın ayrı-ayrı ştatlarının hakimiyyət orqanları ilə, o cümlədən Tennessi, Şimali Karolina və Yuta ilə birgə eksperimentlər də aparılır. Onlar məşğulluq üzrə məlumatlar əsasında müxtəlif siyasi ssenariləri və potensial risklərin yumşaldılması üzrə tədbirləri sınaqdan keçirirlər.
Tədqiqat göstərir ki, süni intellektin təsiri ayrı-ayrı regionlar və ya sahələrlə məhdudlaşmır. Modelləşdirmə məlumatlarına görə, potensial dəyişikliklər ABŞ-ın bütün 50 ştatında, o cümlədən daxili və kənd ərazilərində əmək bazarını əhatə edir.