AZ

Rusiyadan Naxçıvan açıqlaması: Artıq Bakı və Ankara...

“Ermənistanın blokadadan çıxması prosesindən asılı olmayaraq, Türkiyə ilə Azərbaycan arasında birbaşa dəmir yolu xəttinin tikintisi artıq həyata keçirilir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk TASS-a müsahibəsində bildirib.

O deyib ki, Vaşinqtonda Bakı-İrəvan sənədlərinin imzalanmasından cəmi bir neçə gün sonra Türkiyə Azərbaycan istiqamətində yol çəkməyə başlayıb.

Overçukun fikrincə, Azərbaycan və Türkiyə arasında birbaşa dəmir yolu əlaqəsinin mövcudluğu onlar üçün ayrıca strateji əhəmiyyət daşıyır. O qeyd edib ki, bu layihənin ideyası Ermənistanın blokadadan çıxarılması mövzusu praktik müstəviyə keçməzdən xeyli əvvəl işlənib hazırlanıb.

“Azərbaycanın Naxçıvanın qərb hissəsində Türkiyə ilə çox qısa - təxminən 17 km-lik ortaq sərhədi var. Bu məsafə birbaşa dəmir yolu çəkərək Azərbaycanı Türkiyə ilə bağlamaq üçün kifayətdir. Bunun üçün həmin sərhəddən Türkiyənin Qars şəhərinə qədər 224 km uzunluğunda yeni dəmir yolu tikilməlidir”, - Rusiya rəsmisi əlavə edib.

Baş nazir müavini diqqətə çatdırıb ki, Türkiyə və Azərbaycanda bu layihə üzrə çoxdan hazırlıq işləri aparılır, texniki sənədlər hazırlanıb, müvafiq danışıqlar aparılıb: “Layihəyə təxminən 2,8 milyard ABŞ dolları ayrılıb. İki xəttin tikilməsi planlaşdırılır ki, bu da ildə 15 milyon ton yük və 5,5 milyon sərnişin daşınmasına imkan verəcək”.

Overçukun sözlərinə görə, layihə çərçivəsində çoxlu sayda körpülər, estakadalar, tunellər, yeraltı keçidlər və digər mühəndis qurğuları tikiləcək və bu, müasir dəmir yolu olacaq: “Bundan əlavə, birbaşa yolun üstünlüyü ondadır ki, Türkiyəyə çatmaq üçün iki deyil, yalnız bir beynəlxalq sərhəd keçmək lazım gələcək”./Teleqraf 

Seçilən
20
2
bakivaxti.az

3Mənbələr