AZ

DOST TV-nin 2 yaşı tamam olur

Bakı, 2 aprel, AZƏRTAC

2024-cü il aprelin 2-də ölkəmizdə ilk sosial və inklüziv televiziya nümunəsi kimi fəaliyyətə başlayan DOST TV ölkə vətəndaşının maraq dairəsində olan sosial mövzularda maraqlı verilişləri ilə media məkanında yerini, mövqeyini və nüfuzunu daim gücləndirib. Hər iş günü “Youtube” kanalı olaraq canlı yayımlanan televiziya ölkənin sosial həyatının telemənzərəsini təqdim edir və əmək, məşğulluq, sosial müdafiə sahələrində ardıcıl islahatlar, yenilikər, sosial hüquqlar barədə ictimai məlumatlandırmaya dəyərli töhfəsini verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, DOST TV “DOST Xəbər”, “DOST qapısı”, “Sosial saat”, “Qayğı”, “Ekspert rəyi”, “İş saatı”, “Mənim hekayəm”, “Rəqəmsal saat”, “Xidmətinizdəyik”, “Birlikdə öyrənək”, “Onlayn müfəttiş”, “Dayaq nöqtəsi”, “DOST podcast” və digər verilişləri, müxtəlif qurumlarla birgə telelayihələri ilə izləyicilərinin maraq və rəğbətini qazana bilib.

Əlilliyi olan şəxlər və digər həssas qruplarla bağlı “Surdo-İnfo”, “İnklüziv cəmiyyət üçün birlikdə öyrənək!”, “Həssas məqamlar”, “Mənim hekayəm” kimi layihələri, surdotərcümə ilə təqdim etdiyi film və tamaşaları isə DOST TV-nin mediada inklüziv dəyərlərin geniş təbliğinə, inklüziv cəmiyyətin inkişafına dəstək məramını ehtiva edir.

Sosial sahə ilə bağlı mühüm tədbirlərin canlı yayımını da həyata keçirən DOST TV, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşlarının, vətəndaş cəmiyyəti institutlarının, ekspertlərin aktual sosial mövzularda diskussiya və müzakirə platformasıdır.

TV həm də izləyiciləri üçün “DOST qapısı”dır. Həmin adla təqdim etdiyi veriliş boyu izləyicilərinin müraciətlərini birbaşa cavablandırır (ötən dövrdə 800-dək vətəndaş müraciəti olub), göndərdikləri videomüraciətlərdə əksini tapan sosial məsələləri araşdıraraq, onların həllinə dəstək olur.

İzləyici auditoriyası daim genişlənən DOST TV-nın sosial mediada ümumi baxış sayı 15 milyonu ötüb.

Seçilən
11
8
azertag.az

10Mənbələr