AZ

Rəsmi Ankara Türk İnvestisiya Fondunun yaxın zamanda işə başlamasını istəyir

Rəsmi

“TDT-yə üzv ölkələr arasında Türk İnvestisiya Fondunun yaxın zamanda işə başlamasını istəyirik”.

APA xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Baş nazirlərinin Bakı görüşündə Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz deyib.

O bildirib ki, qlobal və regional sınaqlar qarşısında Türk dövlətləri arasında əlaqələrin gücləndirilməsi strateji əhəmiyyətə malikdir: “Bərpaolunan enerji, təbii qaz, elektrik şəbəkələri və kritik minerallar kimi bir çox sahədə əməkdaşlıq etmək üçün böyük potensialımız var. Xüsusilə, Transxəzər qaz kəməri layihəsi ölkələrimizin inkişafına mühüm töhfə verəcək, eyni zamanda, regional enerji inteqrasiyasını gücləndirəcək.

Enerji ilə tranzit bir-birindən ayrı hesab edilə bilməz. Bu anlayışla Mərkəzi Asiyadan Xəzər vasitəsilə Türkiyə və Avropaya qədər uzanan Şərq-Qərb-Deka Transxəzər dəhlizi tədarük zəncirlərini gücləndirən, ticarəti şaxələndirən və ölkələrimiz arasında əlaqələri gücləndirən strateji xətt kimi seçilir.

Türkiyə güclü infrastrukturu, geniş avtomobil və dəmir yolları şəbəkəsi, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə bu dəhlizin mühüm maraqlı tərəfidir.

Nəqliyyat dəhlizlərinin inkişafı, gömrük rüsumlarının sadələşdirilməsi və ticarətin asanlaşdırılması məsələlərinin sıx qarşılıqlı əlaqəsi çərçivəsində müvafiq qurumlarımızın bu sahələrdə birgə görüşlər keçirməsi, özəl sektor nümayəndələrinin isə ümumi məqsədlərə nail olmaq üçün bir araya gəlməsi faydalı olardı”.

Seçilən
0
3
xalqcebhesi.az

4Mənbələr