AZ

Baş nazir TDT görüşündə Zəngəzur və Orta Dəhlizin əhəmiyyətindən danışdı

"Türk dünyasının geostrateji mövqeyi ölkələrimiz üçün olduqca böyük üstünlüklər yaradır".
 
Moderator.az xəbər verir ki, bu sözləri Baş nazir Əli Əsədov Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentinin "Gülüstan" sarayında keçirilən ikinci görüşündə deyib.
 
O bildirib ki, Avropa ilə Asiyanı birləşdirən, Şərq-Qərb və Şimal-Cənub istiqamətlərinin kəsişməsində yerləşən regionumuz beynəlxalq nəqliyyat və logistika baxımından mühüm əhəmiyyətə malikdir:
 
"Bu potensialdan daha səmərəli istifadə etmək üçün nəqliyyat bağlantılarının inkişafı və tranzit imkanlarının genişləndirilməsi əsas prioritetlərdən biri olmalıdır. Bu xüsusda Orta Dəhlizin önəmi ayrıca vurğulanmalıdır. Son dövrdə bu marşrut Avrasiyanın nəqliyyat xəritəsində ən perspektivli, təhlükəsiz və etibarlı bağlantı xətlərindən birinə çevrilməkdədir. Birgə səylərimiz nəticəsində Orta Dəhliz üzrə tranzit daşımalar davamlı olaraq artmaqdadır. 2025-ci ildə bu artım 11%-ə yaxın təşkil edib (5 mln ton). Azərbaycan Orta Dəhlizin inkişafına böyük sərmayələr yatırıb, müasir nəqliyyat və logistika infrastrukturu yaradıb. Xəzər dənizində ticarət donanmasının gücləndirilməsi, beynəlxalq dəniz limanı imkanlarının artırılması, dəmir yolu və avtomobil yolu infrastrukturunun yenilənməsi, logistika mərkəzlərinin yaradılması bu istiqamətdə atılmış mühüm addımlardır".
 
"Əminik ki, üzv dövlətlər arasında koordinasiyanın daha da gücləndirilməsi, sərhəd-gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsal həllərin tətbiqi və tarif siyasətinin uyğunlaşması Orta Dəhlizin rəqabət qabiliyyətini daha da artıracaq. Bu kontekstdə Zəngəzur dəhlizinin reallaşdırılması da böyük əhəmiyyət daşıyır. Bu layihənin önəmi yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin olunması ilə məhdudlaşmır. Bu layihə həm də bütün türk dünyasının birləşdirilməsi və bütövlükdə daha geniş region üçün yeni nəqliyyat və kommunikasiya imkanlarının açılması baxımından strateji əhəmiyyətə malikdir", - Ə. Əsədov vurğulayıb.
Seçilən
22
12
moderator.az

10Mənbələr